[b]“Qarabağ”la “Liverpul” arasında...” – Eden Azar[/b]
24.11.2017 - 15:45
[b]“Qarabağ”la “Liverpul” arasında...” – Eden Azar[/b]

“Biz peşəkar futbolçularıq. Bu cür təqvimdə oynamağa öyrəşməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin yarımmüdafiəçisi Eden Azar deyib.

 

İki gün əvvəl Çempionlar Liqasının V turunda “Qarabağ”a Bakıda qalib gələn (4:0) “zadəganlar” sabah Premyer Liqanın XIII turunda “Liverpul”la üz-üzə gələcək.

 

Qısa müddətdə iki matça çıxmağın çətinliyindən bəhs edən Azar buna baxmayaraq, “qırmızılar”la dueldə 3 xalı hədəflədiklərini söyləyib: “Qarabağ” və “Liverpul”la oyunlar arasında çox az vaxt var. Ancaq biz buna uyğunlaşmalıyıq. “Mançester Siti” ilə qarşılaşma öncəsi də eyni ilə bu cür vəziyyətlə üzləşmişdik. Həmin vaxt yaxşı uyğunlaşa bilməmişdik və bu, bizim məğlubiyyətimizə səbəb olmuşdu. Eyni duruma düşməmək üçün sabah daha yaxşı oynamalıyıq. Qələbə qazanmaq üçün hər şey öz əlimizdədi”.

 

Belçikalı hücumameyilli futbolçu zədədən döndükdən sonra yavaş-yavaş forma yığdığını da vurğulayıb: “Özümü yaxşı hiss edirəm. “Vest Bromviç” və “Qarabağ”la oyunlardan fərqli, bu dəfə 100 faiz hazıram. Bir çox oyunçumuz “Qarabağ”la matçda iştirak etmədi, mən cəmi 65 dəqiqə oynadım. Həmçinin Nqolo Kante də əvəzləndi. Bu üzdən “Liverpul”la görüşə daha enerjili çıxacağıq”.

 

Qeyd edək ki, sabah baş tutacaq “Liverpul” – “Çelsi” qarşılaşması Bakı vaxtı ilə 21:30-da start götürəcək.

0