[b]“Qəbələ”, “Real” və “Bavariya”... [/b]
14.02.2017 - 17:39
[b]“Qəbələ”, “Real” və “Bavariya”...  [/b]

Avropa ölkələrinin milli çempionatlarında oyunların yarıdan çoxu geridə qalmasına baxmayaraq, hələ də məğlubiyyət üzü görməyən komandalar var. Apasport.az saytının məlumatına görə, bu mövsüm “köhnə dünya”da 7 klubun biləyini bükmək mümkün olmayıb.

 

Bunlar “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), “Kukesi” (Albaniya), “Riyeka” (Xorvatiya), “Şaxtyor” (Ukrayna), “Dudelanj” və “Differdanj”dı (hər ikisi Lüksemburq). Onlar arasında “Seltik”in göstəricisi daha yaxşıdı. Belə ki, Şotlandiya çempionatının lideri ilk 24 turun cəmi 1-də rəqibə bərabərlik sevinci yaşadıb.

 

“Böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, Almaniya, Fransa, İtaliya) yüksək liqalarında yenilgi üzü görməyən komanda yoxdu. Bu baxımdan “Real” və “Bavariya” digərlərindən fərqlənir. La Liqa və Bundesliqa liderlərinin passivində cəmi 1 məğlubiyyət var.

 

Avropada eyni göstəricini təkrarlayan daha 18 klub var ki, onlardan da biri “Qəbələ”di. Azərbaycan Premyer Liqasında geridə qalan 18 turun cəmi 1-də meydanı məğlub tərk edən “Qəbələ” ilə müqayisədə “Real” və “Bavariya” buna 20 matçda nail olublar.

 

Bu komandalarla yanaşı, millimizin hücumçusu Ramil Şeydayevin yeni komandası “Jilina” (Slovakiya), həmçinin TNS (Uels), APOEL (Kipr), “Feyenoord”, PSV (hər ikisi Hollandiya), “Porto” (Portuqaliya), “Bazel” (İsveçrə), “Srvena Zvezda” (Serbiya), “Olimpiakos” (Yunanıstan), “Luduqorets” (Bolqarıstan), “Vardar” (Makedoniya), “Buduçnost” (Monteneqro), “Linkoln”, “Europa FK” (hər ikisi Cəbəllütariq), “Slaviya”, “Viktoriya” (hər ikisi Çexiya) və “Fola” (Lüksemburq) da cari mövsüm ölkə çempionatında 1 dəfə meydanı məğlub tərk ediblər.

 

 

Milli çempionatların məğlubiyyətsiz klubları:

 

24 turdan sonra

“Seltik” (Şotlandiya) – 70 xal

 

21 turdan sonra

“Kopenhagen” (Danimarka) – 53

“Kukesi” (Albaniya) – 45

 

20 turdan sonra

“Riyeka” (Xorvatiya) – 52

 

18 turdan sonra

“Şaxtyor” (Ukrayna) – 50

 

14 turdan sonra

“Dudelanj” (Lüksemburq) – 34

“Differdanj” (Lüksemburq) – 34

0