10 Mart 22:27 "Qol vuracağımı hiss etdiyim üçün geri qayıtmadım" - Elvin Yunuszadə
FUTBOL xəbərləri 10 Mart 22:27
4015 baxış

"Qol vuracağımı hiss etdiyim üçün geri qayıtmadım" - Elvin Yunuszadə

"Zirə" ilə oyunda vurduğu qolla son nöqtəni (2:0) qoyan "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək istərdik...

- Çox əziyyət çəkdik, işlədik. Məşqçinin verdiyi tapşırıqların hamısını yerinə yetirməyə çalışdıq. Əsas 3 xal idi. Hər matç bizim üçün vacibdi. Çempionatımızda asan oyunun olmadığını hamı görür. İstər "Sumqayıt"la, istərsə də "Kəpəz"lə olsun, hər görüşdə çətinlik çəkirik. Artıq bu qələbəni kənara qoyub, növbəti oyuna hazırlaşmaq lazımdı. Doğrudan da, bizi "Neftçi" ilə çox vacib görüş gözləyir.

 

- Bu gün daha rahat oynayaraq, qələbə qazandız. Bu, "Zirə" ilə aranızdakı səviyyə fərqi ilə bağlıdı?

- "Zirə" də güclü komandadı, yaxşı futbolçulardan qurulub. Kənardan asan görünə bilər. Amma meydanda nə əziyyət çəkdiyimizi biz özümüz bilirik. "Qarabağ" da rəqiblərinə qarşı maksimum qaydada hazırlaşır. Çalışırıq ki, hər oyunda qalib gələk.

 

- Artıq "Qəbələ" də çempionluq mübarizəsində silahı yerə qoyub...

- Biz də belə fikirləşsək, özümüzə qarşı düşmənlik etmiş olarıq. İndidən rahatlaşmaq olmaz. Arxayınlaşsaq, bu, özünü dərhal nəticədə göstərəcək.

 

- Adətən müdafiəçilər standart vəziyyətlər zamanı irəli çıxırlar. Siz isə adi oyun epizodunda öndə idiniz və qol vurdunuz. Bu, baş məşqçinin göstərişi idi?

- Oyun ərzində gözümüz Qurban müəllimdə olur. İrəliyə keçməyimizə işarə etsə, rahat şəkildə önə atılırıq. O anda sanki qol vura biləcəyimi hiss etdim. Buna görə də, epizodun davamında geriyə qayıtmadım. Şükürlər olsun ki, qol vurdum və komandama az da olsa, xeyir verdim.

 

- "Qarabağ"da ən yaxşı oyununuzu keçirdiyinizi demək olarmı?

- Mən heç nə deyə bilmərəm. Yaxşı şeylərimə yox, səhvlərimə baxmalıyam. Bunu Qurban müəllim daha yaxşı bilər.

 

- Növbəti turda "Neftçi" ilə keçiriləcək matçda da meydanda olacağınızı düşünürsüzmü?

- Canla-başla hazırlaşacam. Məşqçimiz şans versə, meydanda əlimdən gələni edəcəm.