25 Fevral 22:26 "Rəqiblər oynamağa yox, bizi saxlamağa çıxırlar" – Maksim Medvedev
FUTBOL xəbərləri 25 Fevral 22:26
2609 baxış

"Rəqiblər oynamağa yox, bizi saxlamağa çıxırlar" – Maksim Medvedev

“Kəpəz”lə oyunun sonuna yaxın vurulan yeganə qolla qələbə qazanan və ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini artıran “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Çətin qələbə qazanmağınıza təsir edən amillər hansılardı?

- “Qarabağ”a qarşı bütün komandalar ciddi hazırlaşır. Bizimlə oyunlarda məndə belə təəssürat yaranır ki, rəqiblərimiz futbol oynamağa yox, xal almağa çıxıb. Qələbə, heç-heçə fərqi yoxdu, təki bizi saxlasınlar. Müdafiədə çox bağlanırlar və bu səddi yarmaq çətin olur. “Kəpəz”in də bu cür oynayacağını bilirdik. Buna görə də xüsusi məşqlər keçirdik və sona yaxın ev tapşırığından qol vurduq.

 

- Rəqiblər niyə məhz “Qarabağ”a qarşı bu cür oynayırlar?

- Bu gün Qurban Qurbanov həm “Qarabağ”ın, həm də millinin baş məşqçisidi. Hamı çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və milliyə dəvət alsın. Hər şey edirlər ki, ortada nəticə olsun. Əsas məqam həmin oyunçuların özlərini baş məşqçiyə göstərmələri ilə bağlıdı.

 

- “Qəbələ”nin bir gün əvvəl “Səbail”ə yenilməsi bugünkü qələbə istəyinə təsir etdimi?

- Yalan demiyəcəm, həmin oyunu hamımız izləyirdik. “Qəbələ” xal itirdi, bizim də ən yaxın izləyicimiz onlardı. Bu itkidən maksimum faydalanmağa və xal fərqini artırmağa çalışdıq. Bunu qoruyub saxlayacağıq.

 

- Fasilədən sonra cəmi 2 qol vurmusunuz, amma buraxmamısınız. Mövqelər üzrə müqayisə aparsan, müdafiənin üzərinə düşəni daha yaxşı yerinə yetirdiyini demək olarmı?

- Həm hücuma, həm də müdafiəyə komanda şəklində cəlb olunuruq. Müdafiəni ancaq 4 arxa xətt oyunçusu və qapıçı təşkil etmir. Mahir Mədətovdan müdafiəmiz başlayır. Baş məşqçimiz hər zaman deyir ki, qapınızda qol görməmək əsas istəyiniz olmalıdı. Müdafiəçi kimi rəqibin qapımıza yol tapmasını istəmirəm. Bunu komanda şəklində istədiyimizə görə, məqsədimizə nail oluruq.

Xəbər lenti