[b]Səriştəsiz rəhbərlik, qəfil vida, "köhnə qurd"...[/b]
18.07.2018 - 23:42
[b]Səriştəsiz rəhbərlik, qəfil vida, "köhnə qurd"...[/b]

“Sabah” pis başlayıb. Yeni mövsüm start götürməsə də, debütant indidən büdcəni xərcləyib qurtarır.

 
Cavid İmamverdiyevin transferinə xərclənən yarım milyon manatın araşdırılması bitməmiş indi də Saşa Stamenkoviç, Erik Ramos kimi veteranlara qucaq açıldığı bəlli olur. Heç kim də hesabat vermir: onlara nə gərək var? “Neftçi”nin sıxıb suyunu çıxardığı bu oyunçuların “istifadə müddəti” çoxdan bitib, əcəba, “Sabah” onlarda nə görüb?


 Menecerlərin pul yemək həvəsi simvolik adı “Sabah” olan klubu dünənə göndərir. Və görünən odur ki, klub rəhbərliyindən də kimlərsə onlarla əlbirdi, kimdən necə qazanmaq lazım olduğunu yaxşı bilirlər. Adını “dəfələrlə “Neftçi”ni çempion edən futbolçular” qoyub, yaxşı pul siləcəklər. Heç kəs də onların hansı durumda olduğunu araşdırmayacaq. Çempionatın gedişində hər şey ifşa olunanda menecerlər pulunu çoxdan almış olacaq, onların klubdakı şərikləri də təcrübəsizliklərini bəhanə edib günahı vasitəçilərin üstünə atacaq.


 Hələ klubun strukturu müəyyənləşməyib, idarəçilər bilinmir, hansısa sualımıza kimdən cavab alacağımızı bilmirik. Fürsətdən istifadə edənlər kimi gəldi baş məşqçi Elşad Əhmədova sırıyır. Yəqin onun da hansısa marağı var ki, klub strategiyasına, yəni SABAHa uyğun olmayanların transferinə razılıq verir.


 Bu gün ortaya çıxan xəbər isə klubda idarəçiliyin baş-ayaq olduğunu sübut etdi. Futbolçu ilə müqavilə bağlanır, 2 həftə sonra həmin əcnəbi qovulur. Səbəb göstərilmir, açıqlama verilmir. Əcəba, niyə? Zədəliydisə, hazırlığı qane etmirdisə, niyə transfer edilirdi; hər şey qaydasındadısa, niyə yola salırsız?


 Yosip Baliç müsahibəsində müəyyən məqamlara aydınlıq gətirib, amma klubda hamı lal olub. Yəqin günahkardılar. Elşad Əhmədovun tələbi ilə müqavilə pozulub, məşqçi səbəbi demir. Bəlkə də gözlərinin rəngi çox qara imiş, ya da saçlarının daranma tərzi “Sabah”a uyğun deyilmiş...


 Xorvat yarımmüdafiəçi özünə haqq qazandırıb: “Baş məşqçi belə istədi. Əvvəlcə 2 illik müqaviləyə qol çəkdim. 2 həftədən sonra məşqçi məni istəmədi. Sonra xitam müqaviləsinə qol çəkdim. Baş məşqçi dedi ki, guya onun oyun üslubuna uyğun gəlmirəm. Əgər bəyənmirdilərsə, onda mənimlə niyə müqavilə bağlayırdılar? Amma mən buna inanmıram. Yəqin ki, başqa səbəbi var idi. Onun bu qərarını eşidən klub nümayəndələrinin hamısı şoka düşmüşdü. “Sabah” yaxşı klubdu, amma onun baş məşqçisi ikinci divizion səviyyəsindədi. O, nə məşqçi kimi, nə də insan kimi yaxşı biri deyil. Üstəlik, təcrübəsizdi. Heç komandadakı legionerlərlə də normal münasibət qura bilmir” (sportlife.az).


 Maraqlıdı ki, klub futbolçuya kompensasiya da ödəyib. Xorvat yalnız bundan sonra müqaviləyə xitam verməyə razılaşıb.


 Deməli, klubun pulu indidən dağıdılmağa başlayıb. Menecer qazanıb, futbolçu qazanıb, bəlkə məşqçi də qazanıb. Şəxsən məndə şübhə var ki, o, menecerlə futbolçunu götürüb, sonra yola salacağı ilə bağlı əvvəldən razılıq əldə edib, kompensasiyanı da bölüşdürüb. Yoxsa qəfil vidanın səbəbi nə ola bilər ki?


 Klub rəhbərliyi ağıllı adamlardısa, məşqçidən bu addımın səbəbini soruşmalı, həmin kompensasiyanı təkbaşına qərar verən Əhmədovun maaşından tutmalıdı. Elşad bəyin kefi belə istəyib deyə kluba niyə zərər dəysin ki?


 Klubda idarəçiliyin həvalə edildiyi Maqsud Adıgözəlovun səriştəsiz, təcrübəsiz biri olduğunu deyərkən, elə bu məqamları əldə əsas tuturduq. Əhmədov kimi illərin “qurd”u, transfer oyunlarında saç ağartmış menecerlər üçün bu icraçı direktoru barmağa dolamaq adi haldı. Təəssüf ki, klubun sponsorları da “oyunlar”a seyrçi qalır.

 futbolinfo.az

0