[b]“Simeone “Qarabağ”la oyundan sonra and içdi”[/b]
17.05.2018 - 13:14
[b]“Simeone “Qarabağ”la oyundan sonra and içdi”[/b]

Avropa Liqasının finalında “Marsel” üzərində 3:0 hesablı qələbə qazanan “Atletiko” Dieqo Simeonenin rəhbərliyi altında ikinci dəfə bu titula yiyələnib. Apasport.az saytı xəbər verir ki, Argentina mətbuatı madridlilərin bu uğurunu məhz Simeone ilə əlaqələndiriblər.

 

Belə ki, komandanın cari mövsümdəki çıxışını dəyərləndirən həmkarlarımız “Atletiko” üçün bu ili də parlaq hesab edirlər. Komandanın hətta Çempionlar Liqasında qrupda qalması da argentinalıları məyus etməyib.

 

Əksinə, onlar Simeonenin bu nailiyyətində ÇL-dəki zəif çıxışın rolunun böyük olduğunu düşünürlər. Yerli KİV bu məqamda “Qarabağ”la görüşləri də yada salıb: “Simeone xəyallarla yaşayır və bunları gerçəkləşdirməyi bacarır. Çempionlar Liqasının qrup mərhələsində tanınmayan “Qarabağ” önündə iki bərabərlikdən sonra komanda Milad öncəsi turnirlə vidalaşmışdı. Həmin vaxt Simeone intiqam almağa and içdi. Bəziləri onun bu qəzəbini ciddi qəbul etmədi. Lakin Simeone revanşı möhtəşəm zəfərlə taclandırdı”.

 

Yazıda diqqət çəkən digər məqam Simeonenin nifrət bəslədiyi komandalarla bağlıdı. Belə ki, argentinalıların fikrincə, 48 yaşlı mütəxəssis karyerası ərzində yalnız 3 komandada çalışmaz: “Real”, Braziliya millisi və “İndependyente”. “Real” “Atletiko”nun, Braziliya Argentinanın, “İndependyente” isə Simeonenin ilk klubu “Rasinq”in əzəli rəqibi olduğu üçün onun bu komandalarda işləməsi qeyri-mümkün sayılır.

 

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Dieqo Simeone bu müddət ərzində komandaya La Liqa (2013-14) çempionluğunu, İspaniya Kral Kubokunu (2012-13), İspaniya Superkubokunu (2014), Avropa Liqasını (2011-12, 2017-18) və Avropa Superkubokunu (2012) qazandırıb, 2 dəfə Çempionlar Liqasının (2013-14, 2015-16) finalına çıxarıb.

0