[b]“Uypeşt”in gecikmə səbəbi bilindi: 2 futbolçu geri qaytarıldı[/b]
12.07.2018 - 09:06
[b]“Uypeşt”in gecikmə səbəbi bilindi: 2 futbolçu geri qaytarıldı[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Uypeşt”in Bakıya gecikmə səbəbi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Macarıstan təmsilçisi səfər zamanı bəzi problemlərlə üzləşib.

 

36 nəfərlik nümayəndə heyəti dünən yerli vaxtla 09:30-da çarter reysi ilə yola çıxsa da, Bakıya 18:40-da çatıb. Gecikmənin səbəbi təyyarənin benzin doldurmaq üçün iki dəfə - Bursa və Trabzon hava limanına eniş etməsi olub. Bildirilir ki, buna baxmayaraq, komanda Heydər Əliyev Beynəlxalq Aeroportundan məskunlaşdığı “Sheraton Baku” otelinə cəmi 3 dəqiqəlik yol qət edib. Komanda paytaxtımıza gec gəldiyindən, “Dalğa Arena”da məşqə çıxmayıb və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

 

“Uypeşt”in növbəti problemi isə futbolçularla bağlı olub. Belə ki, iki afrikalı oyunçu – malili yarımmüdafiəçi Alassane Diallo və nigeriyalı orta sahə oyunçusu Obinya Nvobodoya hava limanında viza verilməyib. Bu səbəbdən hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana qayıdıb. Bu isə o deməkdi ki, “Uypeşt” Bakıya 19 futbolçu ilə gəlməsinə baxmayaraq, bu gün baş məşqçi Neboyşa Vinyeviçin ixtiyarında cəmi 17 oyunçu olacaq.

 

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq “Neftçi” – “Uypeşt” oyunu 21:00-da start götürəcək.

0