[b]“Zirə”ni sağollaşmamış tərk etdim" - MÜSAHİBƏ[/b]
23.05.2018 - 09:38
[b]“Zirə”ni sağollaşmamış tərk etdim" - MÜSAHİBƏ[/b]

“Zirə” ilə müqavilə müddəti başa çatan serbiyalı yarımmüdafiəçi Milan Duriçin apasport.az saytına müsahibəsi

 

- “Zirə” Topaz Premyer Liqasının son turunda “Sumqayıt” üzərində səfər qələbəsi qazanaraq, mövsümü 4-cü pillədə tamamladı. Sizcə, komanda oyunu ilə bu yerə layiq idimi?

- Əslində, daha yuxarı yerlərdə qərarlaşa bilərdik. Bunun üçün hər cür imkanımız da var idi. Ancaq qış fasiləsindən sonra uzun müddət qələbə qazana bilmədik. Halbuki həmin vaxtlar ikinci yeri tutmaq şansımız heç də az deyildi. Bununla belə, mövsümü pis bitirmədik. Təbii ki, komanda avrokuboklara vəsiqə qazansa, o zaman 4-cü yeri də uğurlu saymaq olar.

 

- Ancaq yenə də “Zirə”nin taleyi öz əlində deyil...

- Doğrudu, Azərbaycan kubokunun final matçından çox şey asılıdı. Fikrimcə, “Zirə”nin istəyinə çatmaq ehtimalı daha çoxdu. Çünki final görüşü Qəbələdə keçiriləcək və “Qəbələ” çox yaxşı komandadı. “Keşlə” son vaxtlar formada olsa da, məncə, “Qəbələ” final oyununun favoritidi.

 

- Əgər belədisə, sizi avrokuboklarda “Zirə”nin heyətində görə biləcəyikmi?

- Bu suala cavab vermək çox çətindi. Çünki hələ özüm də hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Hər şey ola bilər.

 

- Klubla müqavilə müddətiniz başa çatıb. Yeni sözləşmə ilə bağlı danışıq olmayıb?

- Xeyr. Açığı, bir qədər dincəlmək, gərgin mövsümün stressini çıxarmaq istəyirəm. Evimə gəlmişəm, ailəmlə istirahətə ehtiyacım var. O ki qaldı “Zirə” məsələsinə, artıq azad agent statusu daşıyıram. Karyeramı harda davam etdirəcəyimi hələ bilmirəm.

 

- Yəni “Zirə”dən ayrılmısınız?

- İndiki vəziyyətdə ora məxsus deyiləm. Ancaq “Zirə”nin düşərgəsini sağollaşmamış tərk etdim. Çünki qayıdıb-qayıtmayacağımı bilmirəm. Doğrudu, klub rəhbərliyi ilə bu barədə danışığımız olmayıb. Bir az istirahət etdikdən sonra təkliflərə nəzər yetirməyə başlayacam.

 

- Yeni müqavilə təklifi alsanız qayıdarsınız?

- Niyə də qayıtmayım? “Zirə” çox yaxşı komandadı, mehriban kollektivi var. Əgər təklifləri sərfəli olsa, məmnuniyyətlə dönərəm.

 

- Başqa təkliflər almısınız?

- Bəli, almışam.

 

- Onlar arasında Azərbaycan klubları varmı?

- Azərbaycandan da təklif var. Ancaq bu barədə danışmaq üçün tezdi. Ən yaxşı seçimi etmək üçün kifayət qədər vaxtım var. Həm özüm, həm də ailəm üçün doğru qərarı verməliyəm.

 

Ruslan SADIQOV

0