[b]Yaşar Vahabzadə: O, bu komanda ilə ciddi maraqlanır - MÜSAHİBƏ[/b]
22.01.2015 - 12:43
[b]Yaşar Vahabzadə: O, bu komanda ilə ciddi maraqlanır - MÜSAHİBƏ[/b]

Antalyada Premyer Liqa klublarının təlim-məşq toplanışlarını və yoxlama matçlarını izləyən Azərbaycan millisinin (U-21) baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi

 

- Yanvarın 12-dən etibarən Antalyadasınız. İzlədiyiniz oyunlar zamanı U-21-ə yeni namizədlər tapmısızmı?

- Bura gələndən çalışırıq ki, bütün oyunları izləyək. Tək oyunları yox, məşqlərə də baxırıq. Diqqətimizi 2 futbolçu cəlb edib ki, onlar haqda da məlumat vermişəm. Onlardan başqa, yeni namizədlər elə də çox deyil.

 

- Bəs əvvəllər də U-21-ə dəvət alan və yenidən etimad göstərəcəyiniz futbolçuların hazırkı vəziyyəti necədi?

- Həm “Neftçi”nin, həm də “İnter”in baş məşqçiləri ilə görüşmüşük. Müəyyən söhbətlərimiz oldu. Elə futbolçular var ki, potensiallarından aşağı çıxış edirlər. Bir qismi isə əksinə, indi daha yaxşıdılar. Axtarışlarımız davam edir.

 

- Fevralda əsas milli ilə bərabər U-21-in də toplanışı olacaq. Hazırlıq prosesi ilə bağlı planlar bəllidi?

- Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacağıq. Həmin müddət ərzində 2 yoxlama oyunu keçirmək istəyirik. Bu istiqamətdə işlər gedir.

 

- Rəqiblərin kimliyi dəqiqləşibmi?

- Rəqiblərin adları, eləcə də oyunların tarixi məlum deyil. Bizim oyunlarımızın vaxtı əsas millinin burada keçirəcəyi oyuna uyğun olaraq seçiləcək. Buna görə də hələ ki gözləyirik.

 

- Yəqin ki, toplanışa dəvət edəcəyiniz futbolçuların siyahısını özünüz üçün müəyyənləşdirmisiniz...

- Bilirsiniz, quracağımız komanda yeni olsa da, artıq 2 dəfə bir araya gəlib. Ötən ilin oktyabrında Almaniyada, noyabrda isə Maltada təlim-məşq toplanışında olduq. Maltada olarkən bu ölkənin U-21-i ilə yoxlama matçında da gücümüzü sınadıq. U-21-ə mütəmadi dəvət edilən futbolçular yenə komanda ilə birgə olacaqlar. Belə deyək də, komandanın özəyi var. Amma axtarışlarımız da davam etdiririk.

 

- U-21-də 6 ilə yaxındı işləyirsiniz. Əvvəl köməkçi-məşqçi idiniz, indi isə baş məşqçisiniz. Uğur qazanmaq üçün komandada nə çatmır?

- U-21-in əksər üzvləri klublarında əsas deyil, əvəzedicilərdə forma geyir. Halbuki onlar əsas komandaya düşməli, ustalıqlarını artırmalıdılar. Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindi.

 

- Antalyada əsas millinin baş məşqçisi Robert Prosineçki ilə görüşmüşünüz. Görüş zamanı hansı məsələləri müzakirə etdiniz?

- Prosineçki U-21-də oynayacaq futbolçular haqda məlumat istədi. Çünki o, bu komanda ilə də ciddi maraqlanır. Onu da narahat edən əsas məsələ bu komandanın üzvlərinin əksəriyyətinin klublarında əsas deyil, əvəzedici heyətdə oynamasıdı.

 

- Son vaxtlar yığmalarımızın hamısına başqa ölkələrdən futbolçular dəvət edilir, milliləşdirilirdi. Bu da cəmiyyətdə birmənalı qarşılanmırdı. Bəs siz necə, bu siyasəti davam etdirəcəksinizmi?

- Yaranan boşluqlar çempionatımızdakı futbolçularla doldura bilməsək, kənardan həmin mövqeyə oyunçu gətirmək mümkündü. Amma bir şərtlə - həmin futbolçunun Azərbaycanla mütləq bağlılığı olmalıdı.

 

- Bir müddət əvvəl Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr edilmiş turnirdə U-19-un oyunlarını izlədi. O, sizə U-19-dan hansısa futbolçuları məsləhət görüb?

- U-19 da yaxşı futbolçular var. Onlar bizim nəzərimizdədi. Lakin indi həmin futbolçulara əl vurmaq istəmirik. Təkcə U-19-da deyil, U-17-də istedadlı futbolçular var. Onların hamısının çıxışını izləyirik. Elələri var ki, onları U-21-ə dəvət edib, ən azından təlim-məşq toplanışında sınamaq olar. Lakin hazırda həm U-19-u, həm də U-17-ni ciddi sınaq gözləyir. Hazırda hər iki komanda üçün əsas məsələ elit-raundda uğurla çıxış etməkdi. Martdan sonra həmin futbolçuları U-21-ə cəlb edəcəyik.

 

- U-21-in martda rəsmi oyunlarına start verməsi mümkündü. Həmin vaxta kimi istədiyiniz komandanı formalaşdıra biləcəksiz?

- Elə burda ola-ola da çalışırıq, dəvət göndərəcəyimiz futbolçuların siyahısını hazırlayırıq. Fevralın 5-də püşk atılacaq. Martda oyunlar üçün pəncərə var. Mümkündü ki, 23-31 mart tarixləri arasında biz də meydana çıxaq. Bu, təqvimdən asılı olacaq.

 

- Martda seçmə mərhələ oyunu olmasa, komandanı yenə bir araya gətirəcəksiniz?

- Hər şey püşkdən asılıdı. Bununla bağlı fevralın 5-dən sonra danışmaq olar. İstənilən halda martda bir araya gəlmək istəyirik. Rəsmi oyun olmasa, yoxlama matçı keçirmək fikrindəyik.

0