[b]Millimiz Rusiya klubu ilə qarşılaşa bilər[/b]
22.01.2015 - 15:36
[b]Millimiz Rusiya klubu ilə qarşılaşa bilər[/b]

Azərbaycan millisi 2015-ci ildə ilk oyununu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı keçirəcək. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Robert Prosineçki üçün debüt xarakteri daşıyacaq yoxlama oyunundakı rəqibin adına da böyük ölçüdə aydınlıq gəlib.

 

Fevralın 20-dən 26-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində Antalyada olacaq yığmamız həmin müddətdə qarşılaşmaq üçün komanda tapıb. Belə ki, yoxlama oyunu ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə ilkin razılıq əldə olunub.

 

Xorvatiyalı mütəxəssisin yetirmələri Premyer Liqa təmsilçisi ilə yanvarın 25-də qarşılaşa bilər. Lakin ilkin razılıq əldə olunsa da, matçın baş tutacağı tam dəqiqləşməyib. Bu məsələ yaxın günlərdə rəsmiləşməlidi.

 

Rusiya çempionatının qış fasiləsinə 4-cü pillədə yollanan Krasnodarın eyniadlı komandası 17 turda 31 xal toplayıb. Oleq Kononovun baş məşqçisi olduğu komanda bu gün BƏƏ-nin Dubay şəhərinə yollanır. Lakin qış fasiləsində 3 ölkədə toplanış keçəcək rusiyalılar İspaniya, ardınca Türkiyədə də hazırlıqda olacaq. Fevralın 7-dən 19-dək Pireney yarımadasında, 23-dən martın 3-dək Antalyada olacaq “Krasnodar” 7 yoxlama matçı keçirmək niyyətindədi. İspaniyada 3, BƏƏ və Türkiyənin hərəsində 2 belə görüş baş tutmalıdı.

 

Qeyd edək ki, cari mövsüm Avropa Liqasının qrupunda mübarizə aparan Rusiya təmsilçisi 3-cü yeri tutaraq, çıxışlarını başa vurmuşdu.

 

 

0