“Baş məşqçi zəif cəhətlərimizi bizə deyəcək”
24.01.2015 - 12:20
“Baş məşqçi zəif cəhətlərimizi bizə deyəcək”

“Çempionatda fasilə artıq başa çatmaq üzrədi. Bir həftədən sonra “Bakı” ilə oyunumuz olacaq. Artıq məşqləri də gündə bir dəfə keçirik. Demirəm ki, çempionata yüz faiz hazırıq. Çünki indiki mərhələdə heç kim bunu söyləyə bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanov deyib.

 

Antalyadakı təlim-məşq toplanışı çərçivəsində artıq 5 oyun keçirən “Qəbələ” bunun yalnız 2-də qələbə qazana bilib. Əmircanov isə bu amilin onların xeyrinə olduğunu düşünür: “Son rəqibimiz olan “Kuban” Rusiya Premyer Liqasının güclü komandalarından biridi. Zəif komandalar seçib qələbə qazanmaq da olar. Amma nəzərə alaq ki, yoxlama görüşündə nəticə yox, oyun önəmlidi. Bizim baş məşqçimiz də zəif cəhətlərimizi görmək üçün güclü rəqiblər seçib. Bu, bizim də öz bacarığımızı görmək baxımından yaxşı haldı. Fiziki cəhətdən bir az yorğun ola bilərik. Bu da məşqlərin yüksək səviyyədə keçməsindən xəbər verir. Hər oyundan sonra analiz aparırıq. Baş məşqçi də zəif cəhətlərimizi müəyyənləşdirib bizə deyəcək ki, növbəti matçlarda həmin səhvləri təkrarlamayaq”.

 

0