Cavid Hüseynov: Bacarığımızın 50-60 faizini göstəririk - MÜSAHİBƏ
25.01.2015 - 13:20
Cavid Hüseynov: Bacarığımızın 50-60 faizini göstəririk - MÜSAHİBƏ

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Komandanız təlim-məşq toplanışı dönəmində artıq 5 oyun keçirib və bunun yalnız 2-də qələbə qazana bilib. Bunu nə ilə əlaqələndirmək olar?

- Bunun səbəbi heç də zəif olmağımız deyil. Gördüyünüz kimi, güclü rəqiblərlə qarşılaşırıq. Heyətimizdə də müəyyən dəyişikliklər var. Bu dönəmdə belə halların olması normaldı. Xüsusən də, “Kuban”la matçı qeyd edərdim. Yorğunluq fonunda oynamağımıza baxmayaraq, həmin görüşü pis keçirmədik. Amma bizim potensialımız bundan da böyükdü. Bəlkə də, bacarığımızın 50-60 faizini nümayiş etdiririk.

 

- Bacarığınızı tam göstərməyinizə nə mane olur?

- Hamı yorulub. Yorğun ola-ola özümüzü məcbur edirik ki, oynayaq, fiziki gücümüzü artıraq.

 

- Məşqləriniz deyəsən ağır keçir...

- Bəli, məşqlərimiz həm sıx, həm də ağırdı. Yüngül məşq olmur bizdə. Amma bunu da bəhanə etməməliyik.

 

- Xüsusən də, qol yollarında sıxıntı yaşadığınız hiss olunur. Bu nədən qaynaqlanır?

- Düz vurğuladınız, son nöqtəni qoya bilmirik. Rəqibin cərimə meydanına qədər irəliləsək də, qapıya zərbələr bizdə az olur.

 

- Ön xətdəki futbolçuların yeni olmalarının buna təsiri ola bilərmi?

- İstər Qay, istərsə də Fomin olsun, məncə, onlar komandaya tam uyğunlaşıblar. Kollektivdə mehribanlıq olduğundan, yeni gələnlər uyğunlaşma problemi yaşamırlar. Bu çatışmazlığın üzərində yəqin ki, işləyəciyik. Hələ vaxtımız var.

 

- İlk iki dövrədən sonra çempionatda 6-cı pillədə qərarlaşmısınız. Mövsümün qalan hissəsində yüksəlişə keçib, avrokuboklara vəsiqə qazanmaq sizə çətin olmayacaq?

- Düzdü, bu haqda danışmaq hələ tezdi. Amma düşünürəm ki, bu formada davam etsək, yüksəlişə keçəcəyik. İnanıram ki, sonda tunir cədvəlində liderlər qrupunda qərarlaşacağıq.

 

Ruslan SADIQOV / Antalya

0