[b]Tural Cəlilov: “Xəzər Lənkəran” yenə iddialı olacaq[/b] - MÜSAHİBƏ
28.01.2015 - 15:04
[b]Tural Cəlilov: “Xəzər Lənkəran” yenə iddialı olacaq[/b] - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun futbolçusu Tural Cəlilovun apasport.az saytına müsahibəsi

 

- Antalya toplanışı necə keçdi? “Xəzər Lənkəran” çempionatın ikinci hissəsinə tam hazırdımı?

- Antalyada 20 günlük təlim-məşq toplanışında olduq. Hazırlıq yüksək səviyyədə keçdi. Əlimizdən gələni etdik. Fikrimcə, çempionata tam hazırıq.

 

- Qış fasiləsindən sonra ilk oyununuzu “Simurq”a qarşı keçirəcəksiz. Zaqatala klubunu oyunun favoriti adlandıranlar daha çoxdu. Sizcə, hansı komanda qələbəyə daha yaxındı?

- Belə baxanda, bizdə çoxu cavan oyunçulardı. Yəqin buna görə deyirlər ki, “Xəzər Lənkəran” gücdən düşüb. Kənardan elə görünə bilər, amma elə deyil. Biz yenə meydana qələbə qazanmaq üçün çıxacağıq. Gənclərin hamısı potensiallı uşaqlardı. Bu mənada, şansları bərabər saymaq olar.

 

- Yeri gəlmişkən, vaxtilə “Simurq”un formasını geyinmisiz. Yenidən zaqatalalı azarkeşlərin önünə çıxacaqsız...

- Mən hər dəfə Zaqatalada oynayanda xoş hisslər keçirirəm. 3 ilə yaxın “Simurq”un formasını geyinmişəm. Karyeramın ilk çağlarını, demək olar ki, orda yaşamışam. Milliyə də məhz həmin vaxt dəvət almışam. Futbolçu həyatı belədi: bu gün burdasan, sabah başqa yerdə. Harda oynamışamsa, həmin komandanın şərəfi üçün oynamışam, əlimdən gələni etmişəm.

 

- “Xəzər Lənkəran” gəncləşdirmə siyasətinə keçərək, əksər təcrübəli futbolçuları ilə yolları ayırdı. Komandanın bundan sonrakı hədəfi nə olacaq?

- İddiamız qalır. Yenə yüksək yerlər uğrunda oynayacağıq. Gəncləşdirmə siyasətinə gələcəkdə komandaya xeyirli olması üçün keçilib. Məncə, xeyri dəyəcək. O ki qaldı iddia söhbətinə, “Xəzər Lənkəran”ın bundan sonra autsayderlər cərgəsində qərarlaşacağını düşünənlərlə razı deyiləm. Ola bilər, təcrübə baxımından nəsə çatışmasın. Amma bu, komandanın gələcəyinə hesablanıb. Axı gənclər də nə vaxtsa oynamalı idilər.

 

- Elbrus Məmmədov əvəzedici heyətin baş məşqçisi kimi, özünü yaxşı tərəfdən göstərə bilmişdi. Sizcə, əsas komandada da bunu bacaracaqmı?

- Məncə, baş məşqçi postuna Elbrus müəllimin gətirilməsi doğru qərardı. Cavanları yaxşı tanıyır, onlarla əvəzedici komandada da bir yerdə işləyib. Onun baş məşqçi olması daha məqsədəuyğundu. Amma məşqçinin hansı nəticəyə imza atacağını öncədən demək olmur. Yaxşı heyətimizin olduğu vaxtlarda da uğursuzluq yaşamışıq.

 

- Əsl ampluanız yarımmüdafiəçi olsa da, son vaxtlar müdafiədə çıxış edirsiz. Komandadan legionerlərin və təcrübəli futbolçuların göndərildiyini nəzərə alsaq, sizi yenidən əvvəlki mövqenizdə görə bilərikmi?

- Antalyadakı bütün yoxlama oyunlarında müdafiəçi kimi çıxış etdim. Deməli, yeni baş məşqçi də məni burda oynadacaq. Düzdü, əvvəllər yarımmüdafiədə çıxış edirdim. Amma özümü müdafiədə daha rahat hiss edirəm.

 

- Berti Foqtsun vaxtında bir müddət milliyə də dəvət alırdız. Ancaq sonradan yığmaya çağırılmadız. Robert Prosineçkinin gəlişindən sonra milliyə qayıtmağa inamınız varmı?

- Foqtsun dövründə 1 il mütəmadi olaraq, milliyə çağırıldım. Məncə, klubunun əsas heyətində oynayan hər futbolçunun yığmada çıxış etmək şansı var. Prosineçki Antalyada bütün klubların düşərgəsində oldu, oyunlarımızı izlədi. Kimi bəyənibsə, onu da çağıracaq. Təbii ki, mən dəvət gözləyirəm. Amma son qərarı baş məşqçi verəcək.

 

Tengiz MƏMMƏDOV

0