Karyakin Həşimovun xatirə turnirinə gələ bilməməsinin səbəbini açıqladı
12.02.2015 - 13:42
Karyakin Həşimovun xatirə turnirinə gələ bilməməsinin səbəbini açıqladı

“Şəmkir superturnirindən mənə dəvət gəlmişdi. Təbii ki, bu yarışda çıxış etmək istəyirdim. Xüsusilə də ona görə ki, Vüqarla dost olmuşam. Üstəlik, ötən il turnirin təşkilatı məsələləri çox yüksək səviyyədə idi”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı şahmatçı Sergey Karyakin deyib.

 

Təcrübəli zəka sahibi qrossmeyster bu ilin aprel-may aylarında keçiriləcək Vüqar Həşimovun xatirəsinə həsr olunan II ənənəvi superturnirə qatıla bilməyəcək. Karyakin chess-news.ru saytına yarışdan imtinasının səbəblərini açıqlayıb.

 

O bildirib ki, mərhum dostunun xatirəsinə həsr olunan turnirdə iştirakına dünya çempionatı problem yaradıb: “Təəssüf ki, bu dəfə yarışa gəlməyimə komandalararası dünya çempionatı mane olur. Mən 2 turnir arasında çox çətin seçim etməli oldum. Nəticədə komandamızın heyətində çıxış etməyə qərar verdim. Təəssüflənirəm ki, bu turnirlərin vaxtı üst-üstə düşüb. Yoxsa, hər ikisində iştirak edərdim”.

 

Qeyd edək ki, ənənəvi xarakter daşıyan II yarışda dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731) iştirak edəcəklər. 

0