[b]“Bu adam futbolçunun adına, təcrübəsinə baxmır”[/b] - MÜSAHİBƏ
26.02.2015 - 14:49
[b]“Bu adam futbolçunun adına, təcrübəsinə baxmır”[/b] - MÜSAHİBƏ

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Yığma komandanın “Şaxtyor”la oyununu izlədiniz. Yenilənmiş millimiz necə təsir bağışladı?

- Əvvəla qeyd edim ki, bu təlim-məşq toplanışı daha çox tanışlıq xarakteri daşıyırdı. Prosineçkinin ilk toplanışı idi və o, futbolçuların potensialına bələd oldu. “Şaxtyor” da Avropanın top-klublarından biridi. Millimizdə müsbətə doğru çox dəyişiklik gördüm. Hiss olunurdu ki, futbolçular Prosineçkinin tapşırıqlarını həvəslə yerinə yetirməyə çalışırlar. Baş məşqçi də hamısına şans verməklə kimin nəyə qadir olduğunu öyrəndi. Mübariz, daha sürətli bir komanda izlədim. Düşərgədəki ab-hava da onu göstərir ki, baş məşqçi seçimində düzgün addım atılıb. Ən əsası Prosineçkinin gəlişindən sonra futbolçularda özünəinam yaranıb.

 

- İlk baxışdan Prosineçkinin açıq futbola üstünlük verəcəyini demək olar. Belə taktika ilə yığmamız güclü komandalara böyük hesabla məğlub olmaz?

- Unutmayın ki, millimiz güclü rəqibə qarşı açıq futbol oynadı. Bu özü alqışlanacaq haldı. Prosineçki hələ tam heyəti apara bilməmişdi. Yığmanı gücləndirəcək bir neçə futbolçu getməmişdi. Onlar da qatıldıqdan sonra daha güclü komanda görəcəyik. Prosineçki çox qısa müddətdən sonra ilk sınağına çıxacaq. “Şaxtyor”la oyun dərindən təhlil edilməlidi. Çünki yoxlama görüşü ilə rəsmi oyun arasında fərq var. Amma mən inanıram ki, yığmamız Malta önündə uğurlu nəticə əldə edə biləcək.

 

- Prosineçkinin ən çox hansı addımı sizin ürəyinizcə olub?

- O, ilk növbədə milliyə rəqabət gətirdi. Artıq bütün futbolçular bilirlər ki, özlərini göstərsələr, yığmaya düşə biləcəklər. Çünki bu adam futbolçunun adına, təcrübəsinə baxmır. Kim yaxşı formada olacaqsa, o da çağırılacaq. Rəqabət olan yerdə də inkişaf mütləq olacaq.

 

- Ancaq baş məşqçi müsahibələrinin birində “Neftçi” futbolçularının çempionat oyuna görə getmədiyini desə də, AZAL-ı unutmuşdu...

- Bütün azərbaycanlı futbolçular milliyə namizəddilər. Hamısının üzünə qapı açıqdı. Elə AZAL-da da millidə oynaya biləcək futbolçular var. Əminəm ki, baş məşqçi növbəti toplanışlara bu komandadan da oyunçu çağıracaq. Prosineçki daim axtarışda olan bir məşqçidi. Hətta U-21-in oyununa baxanda da ordan kimisə kəşf etməyə, yeni adlar üzə çıxarmağa çalışır.

 

- Artıq 8 gündən sonra İcraiyyə Komitəsinin iclası olacaq. Məşqçilər Komitəsi olaraq, hansı təklifləri hazırlamısınız?

- Təkliflərimizi baş katibə təqdim etmişik. Hazırda bu yöndə iş gedir. Qərara aldıq ki, yığmanın təlim-məşq toplanışından sonra yenidən bir araya gələk və son müzakirəmizi aparaq. İstəyimiz odu ki, Azərbaycan futbolu tezliklə Avropada səs salsın. Bu gün müxtəlif millilərdə çalışan məşqçilərin açıqlamaları da gələcəyə ümidlə baxmağa imkan verir.

 

- Premyer Liqada komanda sayı və legioner limiti ilə bağlı təklifləriniz nələr olacaq?

- Təkliflər çoxdu. Amma indi bunu açıqlamağım doğru olmaz. Çünki hələ son müzakirəmizi aparmamışıq. Rəqabəti güclü olan çempionat yaratmaq lazımdı. Komanda sayının çox və ya az olması deyil, rəqabətin olması önəmlidi. Belə olarsa, milli komandamızın da səviyyəsi artar. O ki qaldı limit məsələsinə, təbii ki, hər kəs yerli futbolçuların çox oynamasını istəyər. Biz piramida şəklində iş görürük. Ən aşağıdan, yəni təməldən başlayırıq ki, futbolçu qıtlığı yaranmasın. Son hədd isə piramidanın zirvəsi, milli komandadı.

 

Ruslan SADIQOV

0