[b]“Şaxtyor”un braziliyalısı: Azərbaycandan normal təklif gəlsə, razılaşaram[/b]
27.02.2015 - 13:55
[b]“Şaxtyor”un braziliyalısı: Azərbaycandan normal təklif gəlsə, razılaşaram[/b]

“Bu vaxta qədər müxtəlif ölkələrdə oynamışam. Hazırda “Şaxtyor”un formasını geyinirəm. Amma bu, o demək deyil ki, karyeramın sonuna qədər klubumu dəyişməyəcəm. Azərbaycandan normal təklif gəlsə, razılaşaram. Təbii ki, hər şey təklifdən asılıdı. Sərfəli təklif gələrsə, niyə də razılaşmayım”. Bu sözləri apasport.az saytına açıqlamasında Ukraynanın “Şaxtyor” klubunun futbolçusu İsmaili dos Santos deyib.

 

2013-cü ildən “Şaxtyor”un formasını geyinən braziliyalı müdafiəçi karyerasını ölkəmizdə davam etdirməyə qarşı deyil. 25 yaşlı “sambaçı” Azərbaycan futbolunun inkişafından xəbərdar olduğunu bildirib: “Azərbaycan yığması ilə keçirdiyimiz yoxlama oyununda da gördüm ki, ölkənizdə yaxşı futbolçular var. Biz toplanış çərçivəsində 4 oyun keçirmişdik. Əminliklə deyə bilərəm ki, ən çətin qarşılaşmanı məhz millinizə qarşı keçirdik. Azərbaycanlı futbolçular topu özlərində yaxşı saxlayır və itirəndə dərhal pressinq tətbiq edirdilər. Bu onu göstərir ki, futbolunuzun səviyyəsi aşağı deyil. Azərbaycandan təklif gələrsə, düşünüb, müsbət cavablandıra bilərəm”.

 

Qeyd edək ki, yoxlama görüşündə millimizə 2:1 hesabı ilə qalib gələn “Şaxtyor”un qələbə qolunu məhz İsmaili vurmuşdu.

 

Tengiz MƏMMƏDOV

0