[b]Danilo Dias: Quintananın transferi mənim üçün əlavə motivasiyadı - MÜSAHİBƏ[/b]
04.03.2015 - 21:16
[b]Danilo Dias: Quintananın transferi mənim üçün əlavə motivasiyadı - MÜSAHİBƏ[/b]

"Qarabağ"ın braziliyalı futbolçusu Danilo Diasın apasport.az saytına müsahibəsi.

 

- Ölkə Kubokunun 1/4 final mərhələsinin "Bakı" ilə keçirilən ilk oyununda böyükhesablı qələbə qazandınız. Yəqin ki, bu hesab sizin üçün sürpriz olmadı...

 

- Oyuna yaxşı başladıq və ilk hissədə 3 qol vurduq. Rəqib komandaya çoxlu şans vermədik. Fasiləyə kimi "Qarabağ" nəticəni, demək olar ki, həll etmişdi. Şadam ki, baş məşqçi ikinci hissədə məni də meydana buraxdı. Qol vurmaq istəyirdim, ancaq alınmadı. Əsas komandamızın qələbə qazanmasıdı.

 

- Son 2-3 həftəni əvəzedici heyətdə keçirmisiz. Əsas komandada oynamağa tam hazırsınızmı?

 

- Hər gün öz üzərimdə çalışıram. Məşqlərdə çox işləyirəm. Ümid edirəm ki, baş məşqçi növbəti oyunlarda da mənə şans verəcək və həmin şansı dəyərləndirə biləcəm.

 

- Mövsümün sonunda "Qarabağ"ı tərk edəcəyiniz haqda söz-söhbətlər gəzir...

 

- Klubla hələ ki, müqaviləm var. Sözləşməmin sonuna qədər "Qarabağ"da qalmağı düşünürəm. Məni baş məşqçinin özü vaxtilə komandaya dəvət edib. Ümid edirəm ki, "Qarabağ"dakı çıxışımı davam etdirəcəm. Bu kimi şeylər haqda hələ fikirləşmək istəmirəm. Mən diqqətimi komandanın oyunlarına yönəltmişəm.

 

- Yeni transfer Dani Quintana da həm hücumda, həm də yarımmüdafiənin cinahlarında çıxış etməyi bacarır. Onun gəlişi sizi narahat etmir ki?

 

- O da mənim kimi, "Qarabağ"a kömək etməyə gəlib. Quintananın komandamızda olması, onun transferi mənim üçün əlavə motivasiyadı. Baş məşqçimizin seçiminə hörmətlə yanaşıram. Mən bu cür məsələlərə fikir vermək istəmirəm. Ancaq məşq barədə düşünürəm. Məşqlərdə əlimdən gələni edirəm.

 

- Zədəli olduğunuz üçün uzun müddət yaşıl meydanlardan kənarda qaldınız. Əsl Dias olmaq üçün sizə nə qədər vaxt lazımdı?

 

- Zədədən qayıtdıqdan sonra əvəzedici heyətdə bir neçə oyuna çıxdım. Bu mənə oyun praktikamı artırmaq mənasında, kömək etdi. Artıq məşqlərdə daha güvənlə iştirak edirəm. Özümə inamım artıb. Məşqlərdə yaxşı iştirak etməklə, əsl formamı bərpa etməyə çalışıram. Baş məşqçimiz ədalətli insandı. Ümid edirəm ki, hər şey mənim üçün yaxşı olacaq.

 

Tengiz MƏMMƏDOV

0