[b]Viktor İqbekoyi: AZAL mərhələ adlayacaq[/b]
05.03.2015 - 00:10
[b]Viktor İqbekoyi: AZAL mərhələ adlayacaq[/b]

“Səfərdən sərfəli nəticə ilə döndük. Ağır oyun olsa da, əsas odu məğlub olmadıq, qapımızdan top buraxmadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyi deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. “Bakcell Arena”da baş tutan matçda “Neftçi” və AZAL qolsuz heç-heçə ilə kifayətlənib.

 

Qarşılaşma barədə danışan “təyyarəçilər”in yarımmüdafiəçisi bu nəticənin qonaq komanda üçün daha sərfəli olduğunu bildirib. O, qol vura bilməməklərinə isə belə aydınlıq gətirib: “Hər iki komanda fərqlənmək üçün çalışdı. Səfərdə qol buraxmamaq müsbət haldı. Fərqlənə bilməməyimizə gəldikdə, bu, futbolda qaçılmazdı. Bəzən çox qol vurursan, bəzən isə rəqib müdafiəçi səhvə yol vermir və toru silkələmək üçün şans qazana bilmirsən”.

 

Nigeriyalı futbolçu cavab  oyun öncəsi daha üstün durumda olduqlarını vurğulayıb: “Biz rəqibimizi ikinci oyunda öz meydanımızda qəbul edəcəyik. Qolsuz heç-heçə sərfəli də ola bilər, əksinə, uğursuz da. Amma biz meydan amilindən maksimum istifadə edəcəyik”.

Futbolçu rəqib komanda üzvlərinin AZAL-a məxsus stadionunun ot örtüyündən şikayətlənməsinə də münasibət bildirib: “Həmin qazon mənim üçün yaxşıdı. Çünki hər gün orda məşq edir, əksər oyunlarımızı orda keçiririk. Biz həmin meydançaya öyrəşmişik. “Neftçi” isə təbii otda daha çox məşq etdiyindən və oynadığından onlara çətin gələ bilər. Amma şərtlər hər iki komanda üçün eynidi. Biz də, onlar da süni örtükdə oynayacağıq”.

 

Yarımmüdafiəçi, həmçinin bildirib ki, komandasının mərhələ adlayacağına inanır: “Düzdü, cavab oyunu haqda danışmaq tezdi. Çünki bizim “Bakı” ilə çempionat oyunumuz var. Bu matçı uğurla keçdikdən sonra cavab qarşılaşmasına köklənəcəyik. AZAL-ın mərhələ adlayacağına inanıram. Bunun üçün çalışacağıq”.

 

0