[b]“Onlar da görəcəklər ki, bura əbəs yerə gəlməmişəm” - MÜSAHİBƏ[/b]
26.03.2015 - 21:35
[b]“Onlar da görəcəklər ki, bura əbəs yerə gəlməmişəm” - MÜSAHİBƏ[/b]

21 yaşadək futbolçulardan ibarət yığma komanda ilə yoxlama oyununda meydana çıxan və “Qarabağ”ın forması ilə debüt edən Dani Kuintana qol vurmağa da nail olub. İspaniyalı yarımmüdafiəçi matçdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- İlk oyununuzu keçirdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bu gün oynamaq mənim üçün vacib idi. Çünki xeyli vaxtdır ancaq məşqlərlə kifayətlənirdim. Bu gün isə matçda iştirak etdim. Həm də meydana çıxmağım yeni komanda yoldaşlarını tanımaq baxımından xeyirmə oldu. Düzdü, qol da vurdum, amma elə də əhəmiyyətli deyil. Vacib olan komandana kömək etməyindi.

 

- Oyun göstərdi ki, adaptasiya, eləcə də fiziki baxımdan problemləriniz var. Bunu aradan qaldırmaq mümkün olacaqmı?

- Nəzərə alın ki, çoxdandı oynamıram. Oynamayan futbolçu üçün bu cür problemlərin olması normaldı. Hələ adaptasiya prosesi keçirəm. Komanda yoldaşlarımı tanımaq, uyğunlaşmaq baxımından görüşün əhəmiyyəti də çox idi.

 

- Azərbaycan futbolçu ilə bağlı düşüncələriniz necədi?

- Əksər klubları tanımıram. Çox oyunlarda iştirak etməmişəm. “Qarabağ” isə yaxşı təşkilatlanmış komandadı. Turlar keçdikcə, digər komandaları da tanıyacam.

 

- Mövsümün sonuna qədər heç bir rəsmi oyunda iştirak etməyəcəksiniz. Futbolçunun formada olması üçün matçlar vacibdi. Məşq etməklə bu problemi aradan qaldıra biləcəksinizmi?

- Təbii ki, hazırkı durum mənim üçün heç də ürəkaçan deyil. Ancaq bu cür yoxlama oyunlarını da qaçırmaq olmaz. Formamı bərpa etmək baxımından bu cür qarşılaşmalar əvəzsizdi.

 

- Azarkeşlərin sizdən gözləntiləri də böyükdü. Onların istəyini qarşılaya biləcəksinizmi?

- Bu komandaya kömək etmək üçün burdayam. Əlimdən gələni edəcəyəm və onlar da görəcəklər ki, bura əbəs yerə gəlməmişəm.

 

- Burda gördükləriniz arasında siz təəccübləndirə biləcək nəsə gördünüzmü?

- “Qarabağ” üçün tikilən baza, yaradılan şərait müsbət mənada məni təəccübləndirdi. Çünki bu cür şəraiti heç Səudiyyə Ərəbistanın klublarında  görməmişdim.

 

- Baş məşqçinin oyun fəlsəfəsi sizin üçün yenilikdirmi?

- Onun istəyi ilə oyun tərzim üst-üstə düşür. Fikrimcə, buna görə məni transfer ediblər. Görünür, komandaya lazımam.

0