[b]Robert Prosineçki: Xorvatiya yığmasına Bakıda asan olmayacaq[/b] – MÜSAHİBƏ
31.03.2015 - 09:44
[b]Robert Prosineçki: Xorvatiya yığmasına Bakıda asan olmayacaq[/b] – MÜSAHİBƏ

Yığmamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Malta ilə matçı dəyərləndirən çalışdırıcı Norveç və Xorvatiya ilə keçiriləcək oyunlara da toxunub.

 

- Azərbaycandakı durumunuzdan məmnunsunuzmu?

- Məmnun olmasaydım, indi burda olmazdım.

 

- Malta üzərində qazanılan qələbədə əsas rolu nə oynadı?

- Malta ilə matçın birinci hissəsindəki mübarizəmizi gördünüz. Çox yaxşı oynadıq. Ardıcıl 4 məğlubiyyətdən sonra bunu bacarmaq asan deyil. Bu qələbə bizə komandanın özünəinamını qaytarması baxımından çox vacib idi. Uşaqlar doğru addımlar atdılar. Taktiki cəhətdən hazırlıqlı görünürdük.

 

- Amma eyni mübarizəni ikinci hissədə aparmadınız...

- İkinci hissədə qələbəni əldən verməkdən qorxduq. Bu da normal haldı. Malta elə komanda deyil ki, onu qiymətləndirməyəsən. Xorvatların onlara qarşı necə çətinlik çəkdiklərini yadınıza salın. Möhkəm müdafiə olunurlar və hücum xəttində də Nigeriya əsilli Alfred Effionq rəqibə çətin anlar yaşadacaq gücdədi.

 

- Azərbaycan millisində bir neçə debütant var idi. Onlar ümidlərinizi doğrultdular?

- Bəzi futbolçular məndən öncə yığmanın planında olmayıblar. Onlara şans vermək qərarına gəldim. Düşünürəm ki, həmin oyunçular indiki vəziyyətdə milliyə dəvət edilməyə layiqdilər.

 

- Növbəti rəsmi oyununuz Norveçə qarşı olacaq. Səfər matçından nə gözləyirsiniz?

- İnanıram ki, bu templə davam etsək, Norveçlə iyunda keçiriləcək oyuna hazır olacağıq. Həmin görüşdə sürpriz edə bilərik.

 

- Xorvatiya millisi Norveçi asanlıqla məğlub etdi. Bu hesab sizin üçün sürpriz olmadı?

- Etiraf edim ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağını gözləmirdim. Fikrimcə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridi və qələbəsi gözlənilən idi. Xorvatiya millisi həmişə ulduz futbolçulardan ibarət olub və favoritlər arasında yer alıb.

 

- Sentyabrda Xorvatiya yığmasını qəbul edəcəksiniz. Həmin matçda hədəfiniz nə olacaq?

- Şübhəsiz ki, Xorvatiya həmin qarşılaşmanın favoriti olacaq. Bu məlumdu. Ancaq əminəm ki, biz bu rəqibə qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq.

0