[b]"6 il oynadığın komandadan ayrılmaq çox çətindi"[/b] - MÜSAHİBƏ
01.04.2015 - 11:00
[b]"6 il oynadığın komandadan ayrılmaq çox çətindi"[/b] - MÜSAHİBƏ

“İnter” klubunun gürcüstanlı hücumçusu Baçana Sxadadzenin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXVII turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaqsınız. Sizcə, “İnter” bu görüşdən hansı nəticə ilə ayrılacaq?

- Əvvəla onu deyim ki, həm bizi, həm də azarkeşləri çox maraqlı matç gözləyir. Çünki “Qarabağ”la oyunlarımız həmişə maraqlı keçib. Hələ təslim olmamışıq və çempionluq uğrunda mübarizəni davam etdiririk. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Əgər bunu bacarsaq, yaxşı nəticəyə imza atacağımızı düşünürəm. Çoxdandı “Qarabağ”a qalib gələ bilmirik. Bu tilsimi qırmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılan tərəf biz olaq.

 

- Əksəriyyət “Qarabağ”ı Azərbaycanın ən güclü komandası adlandırır. Bu, sizdə qıcıq yaratmır ki?

- Xeyr. Çünki bu, faktdı. “Qarabağ” ötən mövsüm Azərbaycan çempionu oldu, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı və orda da çox yaxşı iştirak etdi. Statistika da “Qarabağ”ın ölkənin ən güclü komandası olduğunu göstərir. Amma rəqibin adı bizi qorxutmur. Güclü komandaya qarşı oynamaq həmişə maraqlı olub. Sadəcə, burda bəzi məqamlar həlledici rol oynayır. Özünəinam, “İnter”in hansı durumda olması, “Qarabağ”la mübarizə apara bilib-bilməyəcəyi önəm kəsb edir. Məncə, “İnter”də potensial var.

 

- “İnter” məğlub olacağı təqdirdə, çempionluq şansını itirəcəkmi?

- Gəlin, bu barədə indidən danışmayaq. Mən düşünmək istəmirəm ki, məğlub olsaq, necə olacaq? Çünki hamımız yalnız qələbə barədə fikirləşirik.

 

- Yayda atanız, baş məşqçi Kaxaber Sxadadze “İnter”i tərk edəcək. Bəs siz mövsümün sonunda hansı addımı atacaqsız?

- “İnter”lə 2016-cı ilin mayına qədər müqaviləm var. Ən azı sözləşməmin sonuna kimi “İnter”də çıxışımı davam etdirəcəyəm. Sonra necə olacağını isə bilmirəm. Baxaq görək, həmin vaxt baş məşqçi kim olacaq...

 

- Başqa klublardan heç təklif almısızmı?

- Təbii ki, təkliflər var. Amma mən hələ onlara ciddi yanaşmıram. Maraqlı təkliflər almışam. Lakin 6 il oynadığın komandadan, doğmalaşdığın insanlardan ayrılmaq çox çətindi.

 

- Atanız gələcək karyeranızla bağlı sizə hansı məsləhəti verib? “İnter”də qalmağınızı istəyir, yoxsa ayrılmağınızı?

- Atam deyir ki, qərarı özün verməlisən. Odu ki, gələcək karyeram özümdən asılıdı. Təbii ki, atamla məsləhətləşirəm. Həmişə onun sözlərini dinləmişəm. Yayı gözləmək lazımdı. Ümid edirəm ki, bütün futbolçular komandada qalacaq, heç kim “İnter”dən ayrılmayacaq. Təbii ki, buna yeni baş məşqçi qərar verəcək.

 

- Azərbaycan çempionatının səviyyəsi sizi qane edirmi?

- Təbii ki. Azərbaycan Premyer Liqasında ildən-ilə inkişaf gedir. Yerli oyunçular da getdikcə güclənirlər. Ümid edirəm ki, tezliklə Azərbaycan millisi də yaxşı nəticə göstərəcək. Mən Gürcüstan yığmasından sonra həmişə Azərbaycan millisinə azarkeşlik edirəm.

 

- Gürcüstan yığması atanızın rəhbərliyi altında seçmə mərhələdə keçirdiyi ilk oyunda Almaniyaya 0:2 hesabı ilə uduzdu. Komandanın gələcəyini necə görürsüz?

- Həm biz, həm də azarkeşlər ilk növbədə, baxımlı oyun gözləyirik. Bu seçmə mərhələdə şansımız yoxdu. Təbii ki, nəticə vacibdi. Amma hazırkı təsnifat mərhələsində əsas baxımlı oyun göstərib, inkişaf etməyə çalışmaqdı. Növbəti seçmə mərhələdə isə hədəfimiz yüksək olmalıdı.

 

- Millinin heyətində möhkəmlənəcəyinizə inanırsızmı?

- Bəli. Millidə o futbolçular möhkəmlənirlər ki, klublarında mütəmadi olaraq, əsas heyətdə yer alırlar. İlk növbədə, klubunda, bundan sonra isə millidə yaxşı oyun göstərməlisən. Atamın Gürcüstan yığmasının baş məşqçisi olması mənim üçün üstünlük deyil. Bilirəm ki, o, kim güclüdüsə, ona da şans verəcək.

 

Tengiz MƏMMƏDOV

 

 

 

0