[b]Olimpiya stadionundan son görüntülər: Açılış mərasiminə hazırlıq sürətləndirildi - FOTOSESSIYA[/b]
01.04.2015 - 15:10
[b]Olimpiya stadionundan son görüntülər: Açılış mərasiminə hazırlıq sürətləndirildi - FOTOSESSIYA[/b]

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunların açılış mərasiminə hazırlıq işləri bu gündən sürətləndirilib. Bu barədə apasport.az saytına məlumatı stadionun baş meneceri Ron Kameron verib.

 

O bildirib ki, 50 ha ərazidə inşa olunan, 62 metr hündürlükdə, 6 mərtəbədən ibarət olan və müasir tikinti üslubu ilə fərqlənən arenada açılış mərasimi ilə bağlı hazırlıq aprelin 1-dən etibarən 24 saatlıq iş rejiminə keçib. Onun sözlərinə görə, bu səbəbdən işçi qüvvəsinin sayı artırılıb və hazırlıq yüksək səviyyədə davam edir: “Stadionda işçi qüvvəsi ilə uyğun olaraq, dəyişir. Hazırda açılış mərasimi üçün 500 əməkdaş hazırlığa başlayıb və səylə çalışırlar”.

 

Apasport.az saytının əməkdaşı da milli stadionda bunun canlı şahidi olub. Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən açılışı olan arenada sirr kimi saxlanılan mərasimə hazırlıq işləri sürətlə davam edir. Hamının həvəslə işləməsi isə bu tədbirin dünyada müsbət mənada əks-səda doğuracağı anlamına gəlir.

 

Kameron da xalqımızla yanaşı, ölkəmizə səfər edəcək əcnəbilərin açılış mərasimindən xüsusi zövq alacağı qənaətindədi. O vurğulayıb ki, I Avropa Oyunlarının açılış mərasimi dünya səviyyəli təqdimatla keçiriləcək: “Burada ən son texnologiyadan istifadə olunub. Stadionun oturacaqları meydançaya yaxın olduğundan dünya səviyyəli stadionlardan fərqlənir. Bu, arenanın əsas üstün cəhətindəndi. Səs sistemi, tablo, nəzarət və təhlükəsizlik kameraları da digər stadionlarla müqayisədə çox yenidi. İnanıram ki, Azərbaycana gələcək turistlər burada baş tutacaq açılış mərasimindən zövq alacaqlar”.

 

Kameron könüllülərin stadionda məşqlərə başlayacağı tarixi də açıqlayıb. Onun sözlərinə görə, “Alovqoruyanlar” mayın sonundan arenaya dəvət olunacaqlar: “Bundan sonra onların hər biri mərasimdə girəcəyi rollar barədə məlumatlandırılacaq. Təbii ki, bunlar Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin qayda-qanunlarına uyğun olacaq”.

 

Açılış mərasimindən 1 gün öncə Oyunların məşəli buraya gətiriləcək. Baş menecer bəzi məqamlara aydınlıq gətirsə də, məşəl və açılış mərasimləri ilə bağlı bütün məlumatların sonadək sirr kimi qalacağını deyib. O, tədbirdə məşhurların çıxışını istisna etməyib.

 

Kameron əməkdaşımızın “Yarışların məşəli stadionun hansı hissəsində və necə alovlandırılacaq” sualına özünəməxsus zarafatla cavab verdi. Bildirdi ki, məşəl də açılış mərasiminin bir hissədi və bütün bunların sürpriz kimi saxlanılır.

 

Stadion rəsmisi müvəqqəti ot örtüyünün də açılış mərasimindən sonra dəyişdiriləcəyini açıqlayıb. O qeyd edib ki, bu, açılış mərasimi başa çatdıqdan sonra baş verəcək: “İyunun 12-də baş tutacaq açılış mərasimindən dərhal sonra bütün avadanlıqlar da yığışdırılacaq. Ardınca iyunun 21-22-də burada keçiriləcək atletika yarışları üçün təchizat qurulacaq. Yarışda qaliblər müəyyənləşdikdən sonra da bağlanış mərasiminin hazırlıqlarına başlanılacaq”.

 

İyunun əvvəlində isə stadion ilk yarışını qəbul edəcək. İctimaiyyət üçün bağlı olacaq turnir test xarakteri daşıyacaq. Kameron arenada xırda işlər istisna olmaqla, hansısa ciddi işin qalmadığını da vurğulayıb: “İşlər tamamlanmaq üzrədi. Landşaftın hazırlanması həyata keçirilir. Xırda işlər yerinə yetirilir. Əsas işlərin hamısı tamamlanıb”.

 

Qeyd edək ki, yüksək keyfiyyətlə inşa olunan stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır.

 

Arenanın sahəsinə 4, tribunalara 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

 

Beynəlxalq standartlara tam cavab verən arenada müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan obyektdə əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub.

 

Tahir HÜMMƏTOV

0