[b]Ağır atletlərin ağır günləri başa çatdı: Cəzalılar Avropa çempionatına getdi[/b]
09.04.2015 - 10:34
[b]Ağır atletlərin ağır günləri başa çatdı: Cəzalılar Avropa çempionatına getdi[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranlarının “qara günləri” başa çatır. Apasport.az saytının məlumatına görə, qanında istifadəsi qadağan olunan dərman preparatı tapılan 18 idmançımızdan Zülfüqar Süleymanov istisna olmaqla, digərləri bir-bir karyeralarını bərpa etməyə hazırlaşırlar.

 

Artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) təmsilçilərimizdən Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq) və İntiqam Zairovun (94 kq) Avropa çempionatına qatılması üçün razılıq məktubu göndərib. Bu, aprelin 11-18-də Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq qitə birinciliyində də öz əksini tapıb: Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) hər 3 idmançımızı çempionat üçün sifariş edib. 

 

Qanında istifadəsi qadağan olunan dehidrometiltestosteron tapılan Angelovanın 2 illik diskvalifikasiya müddəti aprelin 8-də başa çatıb. Eyni müddətə yarışlardan uzaqlaşdırılan Xristov podiuma çıxmaq qadağasını bu gün başa vuracağı halda, Zairovda bu cəza aprelin 13-də yekunlaşacaq.

 

İntiqamın mübarizə aparacağı 94 kq çəki dərəcəsində yarışlar isə aprelin 17-nə təsadüf etdiyindən Avropa çempionatına qatılmasında hansısa əngəl qalmayıb. Ondan fərqli, Sərdar Həsənovla (69 kq) Kseniya Vişnitskayanın (58 kq) diskvalifikasiya müddəti müvafiq olaraq, aprelin 10-da və 11-də başa çatsa da, onlar Gürcüstana aparılan heyətə salınmayıb.

 

Əsas idmançılarımızın sıraya dönməsi AAAF-ın siyasətinin də dəyişməsi ilə nəticələnib. Oktyabrda böyük ümidlərlə komandaya gətirilən macarıstanlı Tomaş Feher səhhətinə görə yığmadan kənarlaşdırılıb və onu bu postda polşalı Miroslav Çoros əvəzləyib. Məşqçilər korpusunda isə Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanov saxlanıldığı halda, Elmar Sultanova ehtiyac duyulmayıb.

 

Beləliklə, Tiflisə yollanan yığmamızın siyahısına isə Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), İvan Stoitsov, Əfqan Bayramov (hər ikisi 77 kq) və İntiqam Zairov (94 kq) daxil ediliblər.

 

Qeyd edək ki, digər ağırlıqqaldıranlarımızdan Firudin Quliyev, Yuri Dudoqlo, Kristina Yovu, Alyona Kiriyenko, Aluda Manaqadze, Nailxan Nəbiyev iyunda, Elxan Əliquluzadə, Yuliya Derkaç, Kamran İsmayılov, Mərziyyə Məhərrəmova və Tatyana Varlamova sentyabrda podiuma dönəcək. Zülfüqar Süleymanov ömürlük cəzalandığından karyerasını bərpa edə bilməyəcəyi halda, yığmamızı Qazaxıstan millisinə dəyişən Nicat Rəhimov iyundan yeni komandasında debüt edə bilər. 

0