[b]Karlos Kardoso: “Qəbələ” bizə sürpriz etdi [/b] - MÜSAHİBƏ
17.04.2015 - 23:16
[b]Karlos Kardoso: “Qəbələ” bizə sürpriz etdi [/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXX turu çərçivəsində öz meydanında “Qəbələ”yə 1:3 hesabı ilə uduzan “Neftçi” klubunun braziliyalı müdafiəçisi Karlos Kardoso qarşılaşmadan sonra jurnalistlərə verdiyi müsahibədə apasport.az saytın əməkdaşının da suallarını cavablandırıb.

 

- Turnir cədvəlində ən yaxın izləyicinizə uduzdunuz. Bunu nə ilə izah edə bilərsiniz?

- Rəqibin bu cür oynayacağını gözləmirdik. Bizim üçün sürpriz oldu. Qarşılaşmaya tam köklənə bilməmişdik. Çalışırdıq ki, motivasiyamız olsun, amma nəsə çatmırdı.  

 

- Rəqibin son 6 oyunda xal itirmədiyini nəzərə almamışdınız?

- Bu dərəcədə olacağını gözləmirdik. Azərbaycanda olduğum müddətdə onların ən yaxşı oyununu gördüm.

 

- Birinci qolda qapıçınız kobud səhvə yol verdi. Baş məşqçinin qapıda dəyişiklik etməsi nə dərəcədə düzgün idi?

- Komandamızda iki güclü qapıçı var. Hər şeyi qolkiperin üzərinə atmaq olmaz. Sadəcə, oyuna yaxşı köklənə bilmədik.

 

- “Neftçi” bürünc medalı qazanmaq haqda düşünür, yoxsa başqa məqsədi də var?

- Bizim ikinci yeri tutmaq üçün də şansımız var. Çempion olmağımız inandırıcı deyil, ancaq mübarizə davam edir. “Qarabağ”ın oyunçularından da soruşsanız, deyəcəklər ki, hələ çempionluq mübarizəsi bitməyib.

 

- İkinci qoldan sonra meydanda niyə gərginlik yarandı?

- Hakim oyunu yaxşı idarə etdi. Məğlubiyyətə görə onu günahlandırmaq istəmirəm. Amma rəqib ikinci qolu vuran zaman kobud oynamışdı. Gərginlik də bundan yarandı.

 

- “Simurq”la görüşdə rəqib futbolçunu vurduğunuz üçün qırmızı vərəqə ilə cəzalandırılsanız da, İntizam komitəsi sizə 1 oyunluq cəza verdi. Bu isə digər klubların narazılığına səbəb olub. Bundan məlumatınız varmı?

- Oyunu izləyənlər də bilirlər ki, mən bunu qəsdən etməmişdim. Həmin vaxt kimisə vurmamışdım. Buna görə də İntizam Komitəsi düzgün qərar verib. Çünki hansısa aqressiv hərəkətdən söhbət gedə bilməz.

 

- Mendi fərqləndiyi epizod zamanı siz rəqibinizi niyə dayandırmadınız?

- Ona qarşı kobud oynasaydım, qırmızı vərəqə alacaqdım. Həmin vaxt İntizam Komitəsinin ehtiyatda saxladığı 2 oyunluq cəzası da şamil ediləcəkdi. Bu da komandamı çətin vəziyyətə salacaqdı. Gərək 6 ay qırmızı vərəqə almayım.

 

- Əgər belə bir təhlükə olmasaydı, hansı addım atacaqsınız?

- Təbii ki, Mendini yıxacaqdım. Onu qol vurmağa qoymayacaqdım ki? Sadəcə, İntizam Komitəsinin qərarına görə rəqibi yıxmadım.

 

0