[b]Lehtonen yenidən Azərbaycana gəlir [/b]
18.04.2015 - 09:31
[b]Lehtonen yenidən Azərbaycana gəlir [/b]

Finlandiya millisinin sabiq voleybolçusu Riikka Lehtonen yenidən Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu iyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının çimərlik voleybolu yarışında yığmasının şərəfini qoruyacaq.

 

Belə ki, Bakı-2015-də bu növdə qadınların yarışında 2 cütlüklə təmsil olunacaq finlərin heyəti dəqiqləşib. Bu komandalardan birində Lehtonenlə Taru Lahti, digərində Emiliya və Erika Nyström bacıları yer alacaq.

 

Avropa Oyunlarına “Kann” üzərində qələbə sayəsində lisenziya qazanan Lehtonen bildirib ki, Bakıda özünü doğma evində hiss edəcək. 2010/2011 mövsümündə “İqtisadçı” ilə Super Liqanın bürünc medalını qazanan, 2012/2013 mövsümündə “Azərreyl”də oynayan, lakin zədə səbəbindən mövsümü başa vura bilməyən 36 yaşlı voleybolçunun sözlərinə görə, Azərbaycanın paytaxtı əvvəlki illərlə müqayisədə çox dəyişib: “O vaxtlar Bakı yaşıllığı olmayan köhnə Rusiyaya oxşayırdı. Hazırda irəliyə doğru böyük addımlar atılıb. Bakıya böyük məbləğdə investisiyalar qoyulur və çox valehedicidi. Paytaxt bir növ Dubayı xatırladır”.

 

Lehtonenin Bakı-2015-in yüksək səviyyədə keçəcəyinə və çox gözəl bir yarış olacağına əminliyini də ifadə edib: “Bakı Rio-de-Janeyro-2016 üçün yaxşı dönüş nöqtəsi və təcrübədi".

 

Qeyd edək ki, Lehtonen “Azərreyl”ə gələrkən də çimərlik voleybolunda oynayırdı.

0