[b]Cavid İmamverdiyevin klubundan boykota son və qələbə...[/b]
18.04.2015 - 17:38
[b]Cavid İmamverdiyevin klubundan boykota son və qələbə...[/b]

Həmyerlimiz Cavid İmamverdiyevin komandası “Elazığspor” boykotu dayandıraraq növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, klub Türkiyə  PTT I liqasında öz meydanında “Dənizlispor” üzərində əzmkar qələbə qazanıb.

 

Hesabda geri düşən “Elazığspor” yekunda 2:1-lik nəticə ilə 3 xala sevinib. Xatırladaq ki, “Dənizlispor”la keçiriləcək oyun öncəsi bütün oyunçular sözü bir yerə qoyaraq, rəhbərliyi boykot etmək qərarına gəlib. Komanda üzvləri maaşlarını alana qədər də bu aksiyanı davam etdirəcəklərini vurğulayıblar. Belə ki, hazırda Elazığspor” maliyyə böhranı yaşayır və uzun müddətdən bəri maaş almayan futbolçular məşqə çıxmaqdan imtina ediblər. Klubda icarə əsasında forma geyinən Cavid İmamverdiyev isə baş məşqçi Ümit Özat tərəfindən heyətdən kənarlaşdırılmışdı.  

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, bu səhər komanda rəhbərliyi futbolçularla görüş keçirib və onların problemlərinin tezliklə aradan qaldırılmasına vəd verilib. Yalnız bundan sonra, “Elazığspor” liqa matçına çıxmaq haqqında qərar açıqlayıb.  

 

Qeyd edək ki, klubun oyununda Cavid İmamverdiyev forma geyinə bilməyib. “Elazığspor” rəqibi “Dənizlispor”un heyətində isə digər həmyerlimiz Rail Məlikov 90 dəqiqəni meydanda keçirib. 

0