[b]“Qarabağ” nümunəsi[/b]
23.04.2015 - 12:22
[b]“Qarabağ” nümunəsi[/b]

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la mübarizə aparan “Dnepr” (Ukrayna) 1/4 finalın bu gün keçiriləcək cavab oyunları çərçivəsində Belçikanın “Brügge” klubu ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, yarımfinala adlamaq arzusunda olan belçikalılar məhz Ağdam klubunun oyun üslubundan yararlanmalıdı.

 

Belə ki, bu ölkədən olan həmkarlarımız qarşılaşma ərəfəsində hazırladığı təhlildə “Brügge”yə “Qarabağ” nümunəsindən istifadə etməyi məsləhət görürlər. Çünki öz meydanında qolsuz bərabərliklə kifayətlənən belçikalılar Dnepropetrovsk təmsilçisi ilə səfər matçında qalib gəlməlidi.

 

Qurban Qurbanovun yetirmələri isə Kiyevdə qalib gəlməyi bacarıb. Belçika mətbuatının qənaətinə görə, “Brügge” səfərdə “Qarabağ” kimi oynasa, mərhələ adlayacaq:

 

“Dnepr” Avropa Liqasının qrup mərhələsinin I dövrəsində çətin vəziyyətə düşmüşdü. Buna səbəb onların öz meydanında “Qarabağ”a uduzması idi. Nəticədə ukraynalılar qrupda ikincisi olmaq şanslarını aşağı salmışdı. Azərbaycan təmsilçisinin həmin qələbəsinin sirri isə rəqibə qarşı onların öz silahı ilə döyüşməsi idi. Bu da kollektiv oyuna üstünlük vermək, böyük qüvvə ilə müdafiəyə çəkilib, imkan olanda sürətli əks-hücuma keçməkdən ibarət idi. Təbii ki, belə imkan yaranacağı halda. “Brügge” də bu üslubda oynaya bildiyini artıq göstərib”.

 

Belçikalılar “Qarabağ” kimi qol buraxmamağın mərhələ adlamaq üçün kifayət edəcəyini düşünür: “Düzdü, qol buraxmasaq, oyun 0:0 hesabı ilə başa çatacaq. Onda əlavə vaxt və penaltilər seriyasına ehtiyac yaranacaq. İndiyədək avrokuboklar tarixində 4 dəfə belə seriyada gücünü sınayan “Brügge” isə həmişə “lotereya”dan qalib ayrılıb. Bu dəfə də 11 metrlik cərimə zərbələrinə görə arxayın olmaq mümkündü”.

 

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunun Kiyevdəki oyununda “Dnepr”i 1:0 hesabı ilə məğlub edən “Qarabağ” növbəti turda evdə 1:2 hesabı ilə uduzmuşdu.

0