[b]“...çempionatın aqibəti çox acınacaqlı olacaq” [/b]– MÜSAHİBƏ
24.04.2015 - 11:03
[b]“...çempionatın aqibəti çox acınacaqlı olacaq” [/b]– MÜSAHİBƏ

Veteran futbolçu Aslan Kərimovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının XXXI turunun mərkəzi qarşılaşması “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Vaxtilə hər iki klubun formasını geyinmisiz. Sizcə, əzəli rəqiblərin budəfəki mübarizəsi nə vəd edir?

- Oyunun favoriti yenə “Qarabağ”dı. Çünki çempionat boyunca yetərli qədər güclü olduqlarını sübut etdilər. Ancaq oyun “Qarabağ” üçün asan keçməyəcək. Bildiyiniz kimi, kubokun finalında da bu iki komanda qarşılaşacaq. “Neftçi” üçün çempionluq əldən çıxıb. Ən yaxşı halda, ikinci yer üçün mübarizə apara bilərlər. Mənə elə gəlir ki, “Neftçi” əsl gücünü kubokun finalına saxlayacaq. Həmin oyun daha fərqli keçəcək. “Qarabağ” da çempionluğu demək olar ki, təmin edib. Elə onlar üçün də kubok matçı daha önəmlidi.

 

- Bu mənada, hər iki baş məşqçinin əsas taktiki gedişləri kubokun finalına saxlayacağını demək olarmı?

- Mən də elə düşünürəm. Əslində, o qədər də gizlədiləsi bir şeyləri yoxdu. Sadəcə, futbolçuların oyuna köklənmələrində fərq olacaq. Həm “Neftçi”, həm də “Qarabağ” bir-birlərini yaxşı tanıyır. Bu, komandaların baş məşqçilərinə də aiddi, futbolçularına da. Biri digərinin hansı üslubda oynadığını yaxşı bilir. Odu ki, bir-birlərinə böyük sürprizləri olmayacaq.

 

- “Simurq” kubokda mübarizəni dayandırmaqla, Avrokuboka çıxmaq istəyinin üstündən demək olar ki, xətt çəkdi. Bu isə çempionatda 4-cü pillədə qərarlaşan “Qəbələ”nin Avropaya yolunu açdı…

- Məncə, bu, ədalətli oldu. “Qəbələ” son turlarda əməlli-başlı oyun göstərdi. Təkcə “Simurq”la deyil, “Neftçi” və “İnter”lə oyunlarda da layiqli qələbə qazandı. Sübut etdi ki, uğurlu çıxışı təsadüfi deyil. Məncə, komanda layiqli yerindədi.

 

- Roman Qriqorçukun baş məşqçi gətirildiyi ilk vaxtlarda “Qəbələ” qeyri-stabil çıxışla diqqət çəkirdi. Sonra nə dəyişdi ki, komanda qələbələri sıralamağa başladı?

- Qriqorçuk təzə gəldiyi vaxt ondan nəsə tələb etmək doğru olmazdı. Komandaya yeni gələn məşqçinin öz ideyası, futbol düşüncəsini aşılaması elə də asan deyil. Yavaş-yavaş baş məşqçi qısa ötürmələrin üzərində qurulmuş oyun üslubunu komandaya yeritdi, xətlərarası əlaqə gücləndi. Bu cür şeylər birdən-birə baş vermir. Demirəm ki, bu dəqiqə “Qəbələ”də hər şey əladı. Alınmayan şeyləri də çoxdu. Əsasən də müdafiədə kompaktlığı hələ ki, yarada bilmirlər. Bir qədər də vaxt lazımdı. Bəlkə də, yayda yeni oyunçular alacaqlar və tam kompektləşəcəklər.

 

- “İnter” və “Simurq”un hazırkı durumu narahat doğurmaya bilməz. Maddi sıxıntı ilə üzləşən hər iki klubun büdcələri ilə yanaşı, iddialarının da azalacağı deyilir...

- Nə olacağını, futbolçuların maaşlarının verilib-verilməyəcəyini bilmirəm. Sadəcə onu deyə bilərəm ki, əgər klubda maddi sıxıntı varsa, bu, birbaşa komandanın oyununa mənfi təsir göstərəcək. Çünki həm “İnter”, həm də “Simurq”un heyətində yetərincə legioner var. Onlar da bura qara qaşa, qara gözə aşiq olub gəlməyiblər. Hamısı peşəkar futbolçulardı, maddi tərəfi güdüb gəlirlər. Ümid edirəm ki, tez bir zamanda maddi böhrandan çıxacaqlar. “Simurq” regionumuzu təmsil edir və son vaxtlar yaxşı oyunla yaddaşda qalırdı. “İnter” də öz dəsti-xətti olan komandalardandı. Bu cür klubların zəifləməsi çempionatımızın səviyyəsinin tam dibə düşməsinə gətirib çıxara bilər.

 

- “Bakı”nın hazırkı durumu, “Xəzər Lənkəran”ın gəncləşdirmə siyasətinə keçməsi çempionatın səviyyəsinə mənfi təsirini göstərir. “İnter” və “Simurq” da iddiasını itirib, sıradan bir komandaya çevrilsə, Azərbaycan çempionatının axırı necə olacaq?

- “İnter” və “Simurq” da “Bakı”nın vəziyyətinə düşsə, çempionatın aqibəti çox acınacaqlı olacaq. İntriqa yaradan 2-3 klubumuz var idi, onlardan da biri “İnter” idi. “Qarabağ” və “Neftçi” kimi onlar da həmişə çempionluq, medallar uğrunda mübarizə aparırdılar. “Simurq” isə iddialılara yetərincə güc göstərib, hətta onları məğlub da edirdi. Bu cür komandaların olmamağı çempionatın 2-3 klub arasında keçirilməsinə gətirib çıxaracaq. Həm çempionat zəifləyəcək, həm də futbolçular.

 

- Avrokubokda çıxış edəcək komandalar böyük ölçüdə dəqiqləşib. Ən uğurlu çıxışı yenə də “Qarabağ”dan gözləyək, yoxsa digər təmsilçilərimiz də nəsə edə bilərlər?

- Hamının daha çox “Qarabağ”dan uğurlu çıxış gözləməsi normaldı. Komandanın avrokuboklarda keçdiyi yola baxsaq, görərik ki, böyük təcrübə toplayıb. “Qarabağ”ın futbolçu seçimi də fərqlənir. Avroliqanın qrup mərhələsində çıxış ediblər və bu, təsadüfi deyil. Qrupa düşənə qədər “Qarabağ” bir neçə dəfə pley-offa qədər irəliləyib, güclü rəqibləri kənarlaşdırıb. Digər komandalardan “Qəbələ” təcrübəsiz olsa da, baş məşqçisi təcrübəlidi. Qarşılaşacaqları rəqiblərdən də çox şey asılı olacaq. Mənə elə gəlir ki, ilk mərhələni bütün komandalarımız keçə biləcək. Amma ikinci mərhələdə işləri asan olmayacaq.

 

Tengiz MƏMMƏDOV

 

 

0