[b]Məmmədyarov mövqeyini itirdi, Məmmədov irəlilədi[/b]
01.05.2015 - 10:03
[b]Məmmədyarov mövqeyini itirdi,  Məmmədov irəlilədi[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may üçün müəyyənləşən “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

 

Qrossmeysterimiz Rauf Məmmədov ən güclülər sırasına döndüyü halda, yığmamızın aparıcı şahmatçıları – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov mövqelərini yaxşılaşdıra bilməyiblər.

 

Belə ki, “Shamkir Chess 2015”də 6-cı olan Məmmədyarov ötən ayla müqayisədə 10 pillə geriləyib – 23-cü yer. Apreldə 19 reytinq xalı itirən həmyerlimizin aktivində hazırda 2735 xal var.

 

Ay ərzində heç bir matç keçirməyən Rəcəbov yerində sayıb. 2738 reytinq xalı olan Teymur yenə 21-cidi.

 

Onlardan fərqli, Məmmədov “Top-100”ə qayıdıb. 94-cü pilləyə yüksələn təmsilçimiz 2655 reytinq xalına malikdi.

 

Reytinq cədvəlinin ilk “üçlüy”ündə də dəyişiklik baş verib. “Shamkir Chess 2015”i qalib kimi bitirən Maqnus Karlsen (Norveç, 2876) yenə birinci olduğu halda, analoji yarışın ikincisi Vişvanatan Anand (Hindistan, 2804) reytinqdə də ikinci yerə qalxıb. Vüqar Həşimovun xatirə turnirində 4-cü olan italiyalı Fabiano Karauna (2803) isə 1 pillə geriləməklə, ilk “üçlüyü” qapayır.

 

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2784) 12-ci (+1), Teymur Rəcəbov (2741) 21-ci (+1), Qədir Hüseynov (2709) 37-ci (+3), Rauf Məmmədov (2681) 56-cıdı (+3). Siyahıda Hukaru Nakamura (ABŞ, 2850) liderliyi ələ alıb.

 

Blits növündə isə Rəcəbov 1 pillə geriləməklə 9-cu yerə düşüb. Onların aktivində 2808 xalı var. Əvəzində Məmmədovla Hüseynov irəliləyiblər. Onlar müvafiq olaraq, 1 və 18 rəqibini arxada qoymaqla, 15-ci (2772) və 74-cü pilləyə yüksəliblər. Məmmədyarov isə burada da geriləyib. Martda açıqlanan siyahıda Rəcəbovla 7-8-ci yerlərə şərik olan yığmamızın lideri 2749 xalla 24-cü yerə enib. Həmçinin, bunadək 74-cü pillədə qərar tutan Eltaj Səfərli “Top-100”ü tərk edib. Standart cədvəldə lider olan Karlsen (2933) burada da birincidi.

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

0