Bakı-2015: I Avropa Oyunlarının məşəli Göyçayda
21.05.2015 - 20:03
Bakı-2015: I Avropa Oyunlarının məşəli Göyçayda

Mayın 21-də Göyçayda  “Bakı-2015” Avropa Oyunlarının məşəli alovlandırılıb. Apasport.az saytının APA-ya istinadən məlumatına görə,  əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini aparan estafet iştirakçılarını qarşılayıblar.

 

 

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib. Məşəl qəbul edildikdən sonra yürüşə start verilib və 10 idmançı məşəl yürüşünü davam etdirib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək M.Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər. Məşəlçilər 3 kilometr məsafədə yürüş edib. Doqquzuncu idmançıdan məşəli alaraq yürüş edən Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının çırağını isə taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva yandırıb. Çıraq yarışlar başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılması üçün rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinova təqdim olunub.

0