[b]Elvin Camalov: Millidə mənim mövqeyimdə güclü rəqabət var[/b]
22.05.2015 - 15:05
[b]Elvin Camalov: Millidə mənim mövqeyimdə güclü rəqabət var[/b]

“Yığmaya çağırılacağımı gözləyirdim. Hamı kimi, mən də istərəm ki, hər toplanışa dəvət alım. Özümü yaxşı tərəfdən göstərməliyəm. Əlimə şans düşübsə, maksimum istifadə etmək lazımdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin gənc futbolçusu Elvin Camalov deyib.

 

Millinin AÇ-2016-nın seçmə mərhələsində Norveçlə keçirəcəyi oyun üçün açıqlanan heyətində Camalovun da adı yer alıb. Robert Prosineçkinin gəlişindən sonra Antalya toplanışına aparılan Elvin yığmanın Malta ilə görüşünə çağırılmamışdı. Xorvatiyalı çalışdırıcı yenidən Camalovu milliyə dəvət etməyi lazım bilib.

 

Keçən toplanışa çağırılmamasına toxunan Elvin bu dəfə baş məşqçinin inamını qazanacağını vurğulayıb: “Düzdü, Antalyaya aparılsam da, Malta ilə oyuna dəvət almamışdım. Çünki baş məşqçi elə məsləhət bilmişdi. Yəqin hazır olmamışam və buna görə əvvəlki toplanışa çağırılmamışdım. Amma bu dəfə milliyə dəvət alacağıma inanırdım. Özümü doğrultmalıyam. Yığmada mənim mövqeyimdə Rahid Əmirquliyev, Qara Qarayev və Coşqun Diniyev kimi futbolçular da çıxış edirlər. Yəni, güclü rəqabət var. Adını çəkdiyim futbolçularla rəqabət aparmaq mənə təcrübə qazandıracaq”.

 

Qeyd edək ki, iyunun 7-də Serbiya ilə yoxlama matçı keçirəcək millimiz ayın 12-də Norveçlə rəsmi oyuna çıxacaq.  

0