[b]“O klubun futbolçularına tələb yoxdu” [/b]– Vaqif Heydərli
22.05.2015 - 16:20
[b]“O klubun futbolçularına tələb yoxdu” [/b]– Vaqif Heydərli

FİFA meneceri Vaqif Heydərlinin apasport.az saytına müsahibəsi

 

- Yay transfer dönəmi demək olar ki, başlayıb. Bu yay klublarımızdan super transfer gözləməyə dəyərmi?

- Məncə, “transfer bombası” olmayacaq. Klublarımızın super transferlər həyata keçirəcəyini düşünmürəm.

 

- Səbəb klubların maliyyə gücünün azalmasıdı, yoxsa başqa məqamlar var?

- Belə götürəndə, maliyyə vəziyyəti stabil, yaxşı olan 1-2 klubumuz qalıb. Onların da bundan sonrakı ehtiyacını nəzərə alaraq, “transfer bombası”nın olacağı gözlənilmir. Amma bu, o demək deyil ki, onlar səs-küylü transfer etmək iqtidarında deyillər. Sadəcə, mövcud vəziyyətə əsasən, bunu deyirəm.

 

- Hansı klubumuzdan fəallıq gözlənilir? İndiki vəziyyətə hələlik “Qəbələ” və “Qarabağ” digərlərini qabaqlayır...

- Adını çəkdiyiniz klublara əlavə olaraq, sözdə “Xəzər Lənkəran” da var. Klubun nümayəndələri xarici səfərə yollanıblar. Onlardan da nəsə gözlənildiyi deyilir. Amma fakt odu ki, vəziyyəti sabit olan “Qarabağ” və “Qəbələ”di. Bütün gözləntilər də bu klublardandı. Bir də ki, vəziyyətin belə yaranması AZAL-ın işinə yaraya bilər. Ümumi vəziyyətin zəifləməsi fonunda AZAL-ın ön plana çıxacağını düşünürəm. Məncə, bu klub digərləri ilə müqayisədə seçiləcək.

 

- Amma AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bizimlə söhbətdə çoxlu legioner almayacaqlarını bildirib...

- AZAL-ın indiki heyəti də çox zəif deyil. Buna 1-2 əlavələr etsələr və digər klubların zəifləməsini nəzərə alsaq, AZAL-da irəliləmək imkanları yaranır.

 

- Razısız ki, əvvəlki illərlə müqayisədə indi menecerlər üçün Azərbaycana futbolçu gətirmək çətindi. Daha klublar “gözüaçıqdırlar” və hər oyunçunu bəyənmirlər...

- Fikrinizlə razıyam. Bu, çempionatda rəqabətin artmasından irəli gəlir. Əvvəl zəif legionerlər gəlib seçilirdilərsə, bu gün onlar seçilmirlər. Belə olan halda, təbii ki, daha güclü legionerlərə tələbat artır.

 

- AZAL-ın futbolçusu Freddi Mombonqonun meneceri sizsiz. Yeri gəlmişkən, onun komandasını dəyişəcəyi haqda söz-söhbətlər gəzir. Futbolçunun özü də saytımıza müsahibəsində başqa ölkələrdən təkliflər aldığını təsdiqləyib...

- Təkliflərin gəlməsi normaldı. Amma onun AZAL-la daha birillik müqaviləsi var. Belə olan halda, başqa kluba keçidindən söhbət gedə bilməz. Freddi ilə maraqlananlar ola bilər. Amma bu o demək deyil ki, o, başqa kluba keçir. AZAL-la müqaviləsi olduğu üçün digər təkliflərin heç bir əhəmiyyəti qalmır.

 

- Onda belə çıxır ki, Mombonqo AZAL-da qalacaq...

- Böyük ehtimalla, qalacaq. Amma bu futboldu, sabah AZAL Mombonqonu istəməyə də bilər. Müqaviləyə əsasən, Freddi daha bir mövsümlük AZAL-ın futbolçusudu.

 

- Yerli, gənc futbolçularla daha çox hansı klublarımız maraqlanırlar?

- Təbii ki, imkanı daha yaxşı olan klublarımız. Mətbuatdan da izləyirik ki, “Qarabağ” gənc futbolçuları cəlb etmək istəyir. Əslində, gənclərlə bütün klublarımız maraqlanır. Amma rəqabətdən maliyyə vəziyyəti daha yaxşı, stabil olanlar qalib ayrılırlar.

 

- Bu transfer dövründə ölkə xaricinə hansısa futbolçumuz çıxa bilərmi?

- Əvvəlki illərlə müqayisədə gözlənilir. Çünki əvvəllə müqayisədə klublarımızın maliyyə vəziyyəti indi yaxşı deyil. Yaxşı olan 1-2 klubumuz var ki, onlar da bütün cavan futbolçuları götürə bilməzlər. Belə olan halda, digərləri üçün ölkə xaricinə çıxmaq şansı yaranacaq.

 

- Məsələn, kimlər üçün o şans yarana bilər?

- Cavan futbolçulara görə xarici klublardan bizə müraciət gəlmir. Biz özümüz onları əcnəbi klublara təklif edirik. Təklif etdiyimiz oyunçular var. Amma konkret bir şey yoxdu. Oynamağa qalsa, perspektiv baxımından üzdə olan futbolçularımız ölkə xaricində oynaya bilərlər. Məsələn, Coşqun Diniyev, Elvin Camalov, Vüqar Mustafayev, Seymur Əsədov, Vadim Abdullayev, Mahir Mədətov, Budaq Nəsirov.

 

- Bu futbolçuların potensialı Türkiyənin PTT I Liqasından da güclü çempionatda oynamağa imkan verirmi?

- Təklif eləyərdim ki, PTT I Liqadansa, Avropanın ikinci dərəcəli ölkələrinə getsinlər. Mən həmişə bunun tərəfdarı olmuşam.

 

- “İnter” və “Simurq” klublarının gələcək aqibəti sual altındadı. Buna görə də, daha çox onların futbolçuları hazırda diqqət mərkəzindədilər. “İnter” və “Simurq”dan ayrılacaq legionerlərin Azərbaycanda qalmaq şansları varmı?

- Bildiyim qədərilə, “Simurq”da olan legionerlərin, demək olar ki, heç birinə bizim klublardan təklif yoxdu. Söhbətlər çox olur, amma reallıq tamam başqa şeydi.

 

- Həmin legionerlərdən hansısa sizə müraciət edib ki, ona Azərbaycanda komanda tapasız?

- “Simurq”un bəzi legionerləri müraciət ediblər. Amma ehtiyac olmayıb. Hal-hazırda o klubun futbolçularına tələb yoxdu. Amma aralarında birini xarici kluba təklif edib və müsbət cavab almışam. Yaxın günlərdə dəqiqləşəcək ki, bu iş olacaq, ya yox? Hələ ki, ad çəkə bilmərəm. Çünki hazırda danışıqlar gedir.

 

Tengiz MƏMMƏDOV

 

 

0