[b]“Sadio Tounkaradan güclü futbolçu görmədim” [/b]– Yunis Hüseynov
26.05.2015 - 17:00
[b]“Sadio Tounkaradan güclü futbolçu görmədim” [/b]– Yunis Hüseynov

Hazırda Malidə futbolçu axtarışında olan “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Axtarışlar necə gedir?

- Hər şey normaldı, amma bununla kifayətlənmirik. Diqqətimizi cəlb edən futbolçuların siyahısını tuturuq.

 

- Neçə görüşə baxmısınız?

- İndiyə qədər 7 oyun izləmişik. Onun 6-sı yüksək liqa matçıdı. Maraq üçün ikinci liqanın da bir oyununa baxmışıq. Hələ ki, gördüklərimiz bizi razı salır.

 

- Bəyəndiyiniz futbolçular var?

- Bəli. Amma adını və sayını indi deməyim doğru olmaz. Onu deyə bilərəm ki, çox deyil. Bəzilərini bəyənmişik.

 

- Bəyəndikləriniz futbolçularla görüşünüz olubmu?

- Var. Onlarla görüşmüşük.

 

- Daha çox hansı mövqelərə oyunçular axtarırsınız?

- Hansısa mövqe anlayışı yoxdu. Hansı mövqedə oynayırsa-oynasın, əsas odu ki, yaxşı futbolçu olsun, onu komandamıza gətirməyə hazırıq.

 

- Malidən təxminən neçə futbolçu transfer etməyi planlaşdırırsınız?

- Yaxşısı olsun ki, transfer edək. Demirəm ki, 20 oyunçu yığıb gətirəcəyik. Bir nəfər olsun, güclü olsun.

 

- Bundan sonra neçə qarşılaşma izləyəcəksiniz?

- Sabah derbi var, ona baxacağıq. Mali yüksək liqasının növbəti oyunları təxminən bir həftə, 10 gün sonra keçiriləcək. Burda çempionat fərqli reqlamentdə keçirilir. Mövsüm avqusta qədər çəkir.

 

- Malidə Azərbaycan Premyer Liqasında çıxış edəcək futbolçu çoxdu?

- Azdı, amma var.

 

- “Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkaranın sizə köməyi dəyirmi?

- Əlbəttə dəyir. Tounkaranın bir keçmiş futbolçu dostu var. O, demək olar ki, hər gün bizimlədi. Bizə çox kömək edir.

 

- Sadiodan yüksək səviyyəli futbolçu gözünüzə dəyibmi?

- Yox, hələ ki, Sadiodan güclüsünü görməmişəm.

 

- Malidə neçə gün qalacaqsınız?

- Hələ ki, burdayıq. Bizə burda pis baxmırlar (gülür). Sabahkı oyunu da izləyək, ondan sonra daha neçə gün qalacağımız bəlli olacaq.

 

- Portuqaliyaya birbaşa Malidən yollanacaqsınız?

- Xeyr. Burdan Azərbaycana qayıdacağıq. Yəqin ki, vətənə döndükdən bir neçə gün sonra Portuqaliyaya gedəcəyik.

 

Ruslan SADIQOV

0