Avropa Oyunlarındakı təmsilçilərimizi tanıyaq! - FOTOSESSİYA
27.05.2015 - 11:52
Avropa Oyunlarındakı təmsilçilərimizi tanıyaq! - FOTOSESSİYA

İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadı.

 

"Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdı. 26 yaşlı idmançı Avropa Oyunlarında iştirakı karyerasının ən önəmli yarışı kimi xarakterizə edir: "Bakı-2015 ilk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdi. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".

 

Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şosse komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub.

 

Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötüşməsində də birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir: "Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu bizim üstünlüyümüzdü".

 

Qeyd edək ki, Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək.  Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.

 

0