[b]Hakimlərin yay toplanışının vaxtı və məkanı bəlli oldu[/b]
27.05.2015 - 15:04
[b]Hakimlərin yay toplanışının vaxtı və məkanı bəlli oldu[/b]

Topaz Premyer Liqasında idarəçilik edən hakimlərin yay təlim-məşq toplanışını harada və nə vaxt keçəcəyinə aydınlıq gəlib. Bu barədə apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

O bildirib ki, hakimlər ötən il olduğu kimi, yenə yay toplanışını Polşada keçəcəklər. Amma bu il toplanışa aparılacaq hakimlərin sayının azaldılmasına qərar verilib: “Yay toplanışının vaxtı və məkanı bəlli olub. İyulun 12-dən başlayan toplanış həmin ayın 26-na qədər davam edəcək. Keçən il olduğu kimi, yenə Polşaya yollanacağıq. Qərara gəldik ki, bu il toplanışa gedən hakimlərin sayını bir qədər azaldaq. Bu onunla əlaqədardı ki, bizim burda ikinci toplanışımız olacaq. Əvvəl Premyer Liqanın bütün hakimlərini və gənc, perspektivli referiləri aparırdıq ki, toplanışın ab-havasını hiss etsinlər, komandaları görsünlər. Amma bu dəfə qərara alındı ki, sırf Premyer Liqada idarəçilik edəcək hakimləri və yüksək dəstədə oyun idarə etməyə namizəd olan daha 2-3 nəfəri aparaq. Keçən illə müqayisədə, bu dəfə toplanışa 5-6 nəfər az hakimlə yollanacağıq. Polşaya 32 hakim aparılacaq”.

 

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında, eləcə də I divizionda idarəçilik edən hakimlər də yay toplanışı keçəcəklər. Ancaq onlar digər referilərdən fərqli, ölkə xaricinə çıxmayacaqlar.

 

Məmmədov qeyd edib ki, həmin hakimlərin Azərbaycanda baş tutacaq toplanışının məkanı hələ müəyyənləşməyib: “Digər hakimlərin toplanışını bölgələrdən birində keçirməyi fikirləşirik. Bizə əsas lazımdı ki, orda heç olmasa, bir neçə oyun baş tutsun. Quba-Qusar, Qəbələ, Zaqatala variantları var. Etiraf edək ki, Quba-Qusarda oyun sarıdan problem olacaq. Amma toplanış Qəbələdə baş tutsa, “Qəbələ”nin çoxlu aşağı yaş qrupları və əvəzedici komandası var. Bundan əlavə, Qəbələyə qonşu rayon, şəhərlər var ki, orda da bir neçə oyun baş tuta bilər. Bunların hamısını planlaşdırırıq. Hələ ki, Azərbaycanda qalacaq hakimlərin toplanışının hansı bölgəmizdə keçiriləcəyi bəlli deyil”.

 

Tengiz MƏMMƏDOV

 

0