[b]“Neftçi”nin sonuncu qələbəsi yadımda deyil” [/b]- Nikolas Kanales
28.05.2015 - 23:03
[b]“Neftçi”nin sonuncu qələbəsi yadımda deyil” [/b]- Nikolas Kanales

Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində AZAL-la qarşılaşan (1:1) “Neftçi” klubunun hücumçusu Nikolas Kanales qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qələbə qazanmaq istəyirdik. Çünki kubokun finalı öncəsi psixoloji durumumuzu düzəltmək üçün bu vacib idi.

 

- Ancaq qələbə qazana bilmədiniz, deməli, psixoloji durumunuz hələ də düzəlməyib...

- Əlbəttə, çətin olacaq. Uzun müddətdi komandada çox problemlər yaşanır. Xeyli vaxtdı “Neftçi” qələbə qazana bilmir. Sonuncu dəfə hansı komanda üzərində qələbə qazandığımız yadımdan çıxıb. Deyəsən, bir ay əvvəl “Simurq”u məğlub etmişdik. Bu da komandanın toparlanmağına imkan vermir.

 

- Bunun fəsadları kubokun finalında özünü büruzə verəcək?

- Fikirləşirəm ki, qələbə qazana bilmədiyimiz sonuncu oyun olacaq.

 

- Onsuz da azarkeşlər stadiona gəlmir. Son 7 matçda qələbə qazana bilməməyinizin də buna təsiri varmı?

- Əlbəttə var. Komanda qələbə qazana bilmirsə, azarkeş də stadiona gəlməyəcək. Onlar həvəsdən düşürlər.

 

- Oyun zamanı komanda yoldaşlarına narazılığınızı bildirirdiniz. Səbəbi nə idi?

- Fikir verdinizsə, ilk 15 dəqiqədə heç ötürmə almadım, topa toxunmadım. Əgər top mənə gəlmirsə, təbii ki, narazılığımı bildirməliyəm.

 

- Klub rəhbərliyi hələ müqaviləsi başa çatmaq üzrə olan futbolçularla danışıq aparmadığını bildirib. Bu məqamın da futbolçulara təsiri ola biləcəyini düşünmək mümkündürmü?

- Biz peşəkarıq. “Qarabağ”la final oyununa da çıxacağıq. Ancaq qeyd etdiyiniz məqamın təsiri də var. Bayaq dediyim təsiredici amillərdən biri də budu. Ancaq kubok oyununda mütləq çıxış edəcəyik.

 

- Gələcək iş yeriniz müəyyənləşibmi?

- “Neftçi”dən təklif alsam, birinci bunu dəyərləndirəcəm. Ancaq klubdan təklif yoxdu. Başqa ölkə təmsilçilərindən transfer təklifi almışam.

 

- “Qarabağ”ın kubok öncəsi dincəlməsi hansı komandanın işinə yarıyacaq?

- Bu “Qarabağ”a sərf edir. Biz oynadıq, onlar dincəldi, üstəlik oyundan sonra səfərə yollanmalıyıq. Bu durumu düşündükdə, cütün favoritinin “Qarabağ” olduğunu vurğulamalıyam.

 

0