[b]Rəşad Sadiqov: Bizim üçün itki olacaq – MÜSAHİBƏ[/b]
29.05.2015 - 10:15
[b]Rəşad Sadiqov: Bizim üçün itki olacaq – MÜSAHİBƏ[/b]

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Mövsümü necə dəyərlənirirsiniz?

- “Qəbələ” buna layiq idi. Əgər ilk dövrədən bu cür yığılsaydıq, bəlkə çempionluğu da bayram edəcəkdik. “Qəbələ”nin bu qədər xal fərqinə baxmayaraq, “Neftçi”ni qabaqlayıb üçüncü pilləni tutması böyük hadisədi. Bu da təsadüfi deyil. Son 12 oyunun 10-da qələbə qazanmışıq, 2-də isə heç-heçə etmişik. Komanda düzgün yoldadı. Avropa Liqasında bu uğurun davamını gətirmək üçün əlimizdən gələni edəcəyik.

 

- Hadisələrin bu cür inkişaf etməsində digər rəqiblərin uğursuz mövsüm keçirməsinin rolu varmı?

- “Qarabağ” pis mövsüm keçirmədi ki. Biz onları Bakıda məğlub etdik, öz meydanımızda isə heç-heçə etdik. “İnter” kimi güclü komandanı da öz meydanında yendik. Razıyam, bəzi komandalarda çöküş oldu, amma biz heç də pis mövsüm keçirmədik.

 

- Çempionata “Bakı” üzərində qələbə ilə yekun vurdunuz. Asan qələbə qazandığınızı düşünmək olarmı?

- Bu cür oyunlara psixoloji cəhətdən hazırlaşmaq çətin olur. Ancaq komanda olaraq özümüzü yaxşı hazırladıq. Baş məşqçimiz də tapşırdı ki, ilk dəqiqələrdən irəli atılıb qol vurmaq lazımdı. Yoxsa çətin olacaq. Ardıcıl 3 qol vurduqdan sonra bir qədər sakitləşdik və top saxlamağa başladıq. Asan qələbə qazandığımızı demək olar.

 

- Viktor Mendi yaxşı formada olmasına rəğmən komandadan ayırlır. Bu, ciddi itki olmayacaq?

- Mendi, doğrudan da, yaxşı formadadı. O, komandaya böyük xeyir verirdi. Ölkəmizi tərk etmək qərarı ona aiddi. Təbii ki, bizim üçün itki olacaq. Gərək yeni gələn futbolçu onun yerini doldursun.

 

- Klub prezidenti də oyunu izləyənlər arasında idi. O, nə dedi?

- Baş məşqçini və bizi təbrik etdi. Avropa Liqasında yaxşı oynamağımız üçün uğurlar arzuladı. Növbəti mövsümdə isə çempionluq uğrunda yarışacağımızı dedi.

 

- Bu heyətlə məqsədə nail olmaq mümkün olacaqmı?

- Yaxşı heyətimiz var. Nizam-intizama hamı riayət edir. Yəqin yeni futbolçular olacaq. Bu artıq baş məşqçinin seçimi, işidi.

0