[b]Rəsul Çunayevin atası: Oğlum erməni ilə qarşılaşanda daha rahat oluram[/b] - MÜSAHİBƏ
25.06.2015 - 16:20
[b]Rəsul Çunayevin atası: Oğlum erməni ilə qarşılaşanda daha rahat oluram[/b] - MÜSAHİBƏ

I Avropa Oyunlarının qızıl mükafatçısı, yunan-Roma güləşçisi Rəsul Çunayevin atası Həmzət Çunayevin apasport.az saytına müsahibəsi

 

- Oğlunuz Avropa Oyunlarının çempionu oldu. Ata kimi hansı hissləri keçirdiz?

- Rəsul finala çıxanda çox sevindim, həm də həyəcanlandım. Həyəcanlansam da, arxayın idim ki, oğlum qızıl medalı götürəcək. Çünki Rəsul yarışa çox yaxşı hazırlaşmışdı. Mən həmin vaxt Balakəndə idim. Həyat yoldaşım isə Rəsula dəstək olmaq üçün Bakıya gəlmişdi.

 

- Maraqlıdı, siz niyə oğlunuzu dəstək olmağa gəlməmişdiz? Rəsulun özü zalda olmağınızı istəmədi, ya necə?

- Mən evdə idim. Qohumlar, qonşular sağ olsunlar. Qardaşım, bacılarım yanımda idi, dəstək olurdular. Rəsul medal götürəndə, hamı məni qucaqladı. İstədim ki, oğlumun məşqçisi İsmayıl müəllimə zəng edib, onu təbrik edəm. Amma telefonum dayanmaq bilmirdi, dalbadal zənglər gəlirdi. Rəsulun çıxışını zaldan izləyə bilmədim. Vəziyyət elədi ki, kənd yeridi, evi hər dəfə sahibsiz qoya bilmirəm. Rəsul çempion olandan sonra səhərisi çağırdılar, gəldim Bakıya.

 

- Hansı peşənin sahibisiz?

- Ustayam, rəngsaz işləmişəm. İndi şükürlər olsun ki, Rəsulu boya-başa çatdırmışam. Artıq mənə dəstək olur.

 

- Özünüz idmanla məşğul olmusuzmu?

- Bəli, güləşlə məşğul olmuşam. Amma o qədər də çox yox. Yarı yolda tərk etmişəm güləşi. Rəsul uşaqlıqdan çalışqan idi. Ona dedim ki, güləşə get. Sağ olsun, 4-cü sinifdən getdi güləşə.

 

- Oğlunuzun gücünü arada özünüz yoxlayırsızmı?

- Xeyr, mənimlə güləşməz. Amma məşqlərini edir, onu həmişə diqqətdə saxlayıram.

 

- Qızıl medal qazanandan sonra Balakəndə Rəsulu təmtəraqla qarşıladılar...

- Yaxşı yadıma saldınız. Balakən rayon icra başçısı İslam Rzayevə təşəkkür edirəm.  Rəsulu camaatla birlikdə qarşıladı.

 

- Rəsulun karyerası ərzində ən çox hansı görüşündə həyəcan keçirmisiz? Yəqin ki, erməniyə 23 saniyə ərzində qalib gəldiyi döyüş daha önəmli olub...

- Rəsul erməni ilə güləşəndə özümü daha rahat hiss edirəm. Çünki o, həmişə erməniyə qalib gəlir. Qoymur ki, 1 dəqiqə keçsin, hər şeyi həll edir. Ya 23 saniyə, ya da 33 saniyə ərzində, bir sözlə, “tez bazar” ona qalib gəlir. Deyirəm ki, ay oğul, niyə belə tez qalib gəlirsən? Deyir ki, ata, erməni qarşıma çıxanda özümü çox güclü hiss edirəm və onu yerə vurmağa çalışıram. Sağ olsun, buna da nail olur.

 

- Avropa Oyunlarındakı uğura görə, oğlunuza ölkə prezidenti və Milli Olimpiya Komitəsi tərəfindən pul mükafatı veriləcək. Çunayevlər ailəsi həmin pulu nəyə xərcləmək fikrindədi?

- O, sirdi, demək olmaz (gülür). Pul xərcləmək deyəndə ki, Rəsul hələ evlənməyib. Onun qarşıda hələ çox işi var, evlənməlidi.

 

- Gələn il keçiriləcək Olimpiadadan oğlunuzun çempion kimi qayıdacağına inanırsızmı?

- Bəli, qarşıdan Olimpiya Oyunları gəlir. Rəsulun Olimpiadaya kimi evlənmək fikri yoxdu. Deyir ki, evlənmək işinə ondan sonra baxaram (gülürük).

 

Tengiz MƏMMƏDOV

 

0