Bakı-2015: Medalçılar mükafatlandırıldı - FOTOSESSİYA
26.06.2015 - 14:29
Bakı-2015: Medalçılar mükafatlandırıldı - FOTOSESSİYA

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Hadı Rəcəbli, olimpiya çempionu Fərid Mansurov və “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovun qatıldığı görüşdə yarışın XIV günündə, yəni dünən medal qazanan idmançılar iştirak ediblər.

 

MOK rəsmiləri qızıl mükafat qazanan Teymur Məmmədov (boks, 81 kq), gümüş medalçılar Orxan Səfərov (cüdo, 60 kq) və Sevil Bünyatova (qılıncoynatma, sablya), həmçinin bürünc mükafatçılar Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Tayfur Əliyevi (boks, 56 kq) mükafatlandırıblar.

 

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə idmançılarımızın dünənki çıxışından razılığını bildirib. O, qısa nitqində bunları deyib: “Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdü. Bu münasibətlə xalqımızı təbrik edirəm. İdmançılarımız arasında hərbçilər də var və onlar uğurlu çıxışla bizi sevindiriblər”.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

0