“Avropa Oyunlarının basketbol turniri çox ağır və çətin oldu. Gərgin mübarizənin yaşadığı yarışı gümüş medalla başa vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin basketbolçusu Olqa Mazniçenko deyib.
Bakı-2015 I Avropa Oyunlarının basketbolun 3x3 növü üzrə yarışlarının gümüş mükafatçısı çıxışlarını dəyərləndirib: “Mükafatlandırma mərasimində medallarımızı aldıq. Əhval-ruhiyyəmiz əladı. Bakıda keçirilən Avropa Oyunlarında ən yaxşılardan olduğumuz üçün xoşbəxtik. Qızıl medalın bir addımlığında idik. Yəqin ki, nə isə çatmadı. Finaladək 6 ağır oyun keçirmişdik. Bir tərəfdən də isti hava çox gücümüzü alırdı. Lakin fəxri kürsüyə qalxdığımız üçün çox şadıq”.