[b]“Zədə aldıqdan sonra gözümdəki zəifləmə gücləndi”[/b] - MÜSAHİBƏ
27.06.2015 - 14:48
[b]“Zədə aldıqdan sonra gözümdəki zəifləmə gücləndi”[/b] - MÜSAHİBƏ

I Avropa Oyunlarının gümüş mükafatçısı, paracüdoçu Səbinə Abdullayevanın (57 kq) apasport.az saytına müsahibəsi

 

- I Avropa Oyunlarında ikinci yeri tutdunuz. Bu uğura sevinirsiz, yoxsa özünüzdən daha yüksək nəticə gözləyirdiz?

- Çox şadam ki, yarışı medalla başa çatdırdım. Yarımfinalda ayağımda çıxıq oldu. Orda müalicə etdilər, keyidici iynə vurdular, ayağımı sarıdılar. Finala böyük bir zədə ilə çıxmışdım. Buna baxmayaraq, ilk dəqiqələrdə hesabda öndə idim. Lakin sonra zərbə ilə düşdüm, artıq başım ağrıyırdı, özümü itirmişdim. Rəqibin məni hansı fəndə saldığını da xatırlamıram. O dərəcədə böyük zədə idi. İnşallah, bundan sonra müalicəmi davam etdirib, yarışlara hazırlaşacam.

 

- Zədəli olmasaydız, finalda qalib gələ bilərdizmi?

- İlk dəqiqələrdə rəqibimdən üstün idim. Sadəcə, sonradan zədənin verdiyi ağrıya görə məğlub oldum. İstərdim ki, himnimizi səsləndirim, amma olmadı.

 

- Çıxışınızdan sonra dünən birbaşa həkimə getmisiz. Müayinənin nəticəsi necə oldu? Həkimlər nə vaxt məşqlərə başlaya biləcəyinizi dedilər?

- Çıxıq var idi, onu saldılar. Bir də dedilər ki, müalicə lazımdı. Bir aydan sonra məşqlərə başlaya bilərəm.

 

- Doğma azarkeşlərin önündə, onların dəstəyini eşidə-eşidə güləşmək necə hiss idi?

- Avropa Oyunlarında çıxış etdiyim üçün qürur duyuram. Tarixə düşmək, öz ölkəmdə, xalqımın qarşısında çıxış etmək çox məsuliyyətli idi. Digər yarışda uduzmaq, bəlkə də, insana çox təsir etməz. Amma xalqının səni dəstəklədiyini, qələbəyə səslədiyini bilə-bilə məğlub olmaq hər bir idmançıya pis təsir edərdi. Avropa Oyunlarının verdiyi məsuliyyət finala qədər irəliləməyimə köməklik etdi. Düşünürdüm ki, Azərbaycan xalqı məni dəstəkləyir, cənab prezident gəlib döyüşümə baxacaq. Buna görə də, həddindən artıq məsuliyyətli idim.

 

- Cüdo ilə neçə ildi tanışsız?

- Cüdoya 3 il əvvəl başlamışam. Digər idmançılardan fərqli, mən idmana gec gəlmişəm. Əslində, idmana əvvəldən həvəsim var idi. Sadəcə, orta məktəblə əlaqədar valideynlərim icazə vermirdilər. Deyirdilər ki, cüdoya getsən, məktəbdən yayınarsan. Sonradan ailəmi razı saldım, onlar da dəstək oldular. Başladım böyük həvəs və istəklə idmana getməyə. Şükürlər olsun ki, bu yerə gəlib çatmışam.

 

- Gözünüzdəki problemlə uşaqlıqdan üzləşmisiz, yoxsa sonradan yaranıb?

- Uşaqlıqdan gözüm zəif olub. İdmanda zədə aldıqdan sonra isə gözümdəki zəifləmə gücləndi. Əməliyyatlıq deyil.

 

- Yəqin ki, digər idmançılarımız kimi, siz də artıq indidən Rio Olimpiadası barədə düşünürsüz...

- Bəli, bundan sonrakı hədəfimiz Rio-de Janeyro Olimpiadasıdı. İnşallah, orda çempion olmaq üçün yarışacam. Qızıl medal qazanacağıma söz vermirəm. Ümumiyyətlə, söz vermək mənlik deyil. Allahın izni ilə qazanmağa çalışacam. Əgər Allah istəsə, Riodan çempion kimi qayıdacam. Söz vermək təhlükəli bir şeydi. Çünki idmanda hər an hər şey ola bilər.

 

Tengiz MƏMMƏDOV

 

 

0