"Azərbaycan çempionu çox texnikalı komandadı"
28.07.2015 - 08:35
"Azərbaycan çempionu çox texnikalı komandadı"

“Qarabağ” inanılmaz dərəcədə təhlükəli komandadı. “Seltik” üçün bu rəqiblə qarşılaşma çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanda “Qəbələ” və AZAL klublarında çalışmış Daril Villard deyib.

 

Böyük britaniyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik” - “Qarabağ” oyunu ərəfəsində müsahibə verib. O, Şotlandiya təmsilçisinə Azərbaycan çempionu ilə matçda ehtiyatlı olmağı tövsiyə edib: “Azərbaycan çempionu çox texnikalı komandadı. Onlar oyununu topa nəzarət üzərində qurub. Daxili yarışlardakı matçlarda üstünlüyü ələ alıb, rəqibi təzyiq altında saxlayan komanda Avropa miqyaslı oyunlarında isə daha çox əks-hücumlara ümid edirlər. Düşünürəm ki, “Seltik” üçün ilk 15 dəqiqədə çox çətin olacaq. Xüsusilə də Reynaldo çox təhlükəlidi. Bu gənc braziliyalı ulduz təkbətək mübarizələrdə daha güclüdü. “Qarabağ”ın “Zalsburq”la oyununu izləmişəm. Onlar matça köklənib, qalib gəlməyi bacaran komandadı. Bu komandanın heyətində Riçard Almeyda kimi yarımmüdafiəçi var ki, onun da ustalıq səviyyəsi çox yüksəkdi”.

 

6 ildi ölkəmizdə çalışan Villard adlı-sanlı şotland klubunu favorit saymadığını da bildirib: “Seltik”i favorit saymıram. Şotlandiya klubu özünü Reynaldodan gözləməlidi. Bu oyunçu onlara zərbə vura bilər. “Qarabağ” “Zalsburq”u keçə bilməsə də, avstriyalılarla duel onlara inamı artırıb. Bu komanda həm fiziki, həm mənəvi cəhətdən hazırlıqlıdı. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov yaxşı futbol savadına malik mütəxəssisdi. O, komandasında “Bbarselona” kimi topa nəzarət üzərində qurulan oyun üslubu formalaşdırıb. Azərbaycanın ən böyük klubu “Neftçi”di. “Qarabağ” ölkənin ikinci komandasıdı. Onlar “Seltik”lə matçda böyük dəstəyə malik olacaq. Bu komanda ona görə də çox sevilir ki, işğal olunmuş əraziləri təmsil edir. Bu üzdən komanda oyunlarını Bakıda keçirir”.

 

Qeyd edək ki, “Seltik” – “Qarabağ” oyunu sabah keçiriləcək.

0