[b]Görmədiyimiz “onluq”[/b]
30.07.2015 - 12:30
[b]Görmədiyimiz “onluq”[/b]

Təmsilçisi Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşan ölkələrin sayı 41-ə çatıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimiz sırasına 41-ci kimi Şotlandiya daxil olub.

 

Bu, Çempionlar Liqasının III təsnifat mərhələsində gerçəkləşib. Qlazqoda yerli “Seltik”lə “Qarabağ” arasında qarşılaşma qitə miqyaslı klub turnirlərində ilk Azərbaycan – Şotlandiya dueli olub. Bu görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

 

Bu gün isə rəqiblərimiz sırasına daha bir ölkə daxil olacaq. Bu, Avropa Liqasının III təsnifat mərhələsinin İspaniyanın Bilbao şəhərində baş tutacaq “Atletik” – “İnter” matçında rəsmiləşəcək. İspaniya rəqiblərimiz arasında 42-ci ölkə olacaq.

 

Belə ki, III təsnifat mərhələsinədək Azərbaycan klubları özünün 21 illik avrokubok tarixində 40 ölkə təmsilçiləri ilə görüşmüşdü. Rəqiblərimiz arasında mütləq rekord Polşaya məxsusdu. “Panlar”la 11 dəfə, yəni 22 oyunda qarşılaşmışıq.

 

İkinci olan Moldova ilə az qala iki dəfə az – 6 duel baş tutub. İsrail, Slovakiya, Sloveniya və Serbiya (varisi olduğu Yuqoslaviya da nəzərə alınmaqla) ilə 5 dəfə mərhələ adlamaq üçün mübarizə aparacağıq.

 

UEFA-ya ümumilikdə 54 ölkə daxildi. Bu isə o deməkdi ki, avrokuboklarda 53 ölkə klubları ilə qarşılaşa bilərik. Bunlardan biri – torpaqlarımızı işğal edən Ermənistanla qarşılaşmağımız inandırıcı deyil. Çünki UEFA bu iki ölkə təmsilçilərinin görüşməsinin əleyhinədi və yalnız finalda buna əngəl ola bilməz. Hər iki ölkə təmsilçisinin həlledici matça yüksəlməsi isə mümkünsüz sayılır.

 

Digər 52 mümkün rəqib ölkədən oynadıqlarımızın sayı isə bu gün 42-yə çatacaq. Bir sözlə, növbəti mərhələlər və ya qarşıdakı mövsümlər üçün 10 ölkə ilə ilk duel baş tuta bilər.

 

Hələlik qarşılaşmadığımız bu ölkələr Andorra, Cəbəllütariq, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Portuqaliya, Qazaxıstan, San-Marino, İngiltərə və İrlandiyadı. Hələ ki, püşk bizi bu “onluq”la üz-üzə qoymayıb.

0