[b]SOCAR Milanda AVRO – 2016-nın kubokunu sərgiləyib[/b] - FOTO
02.10.2015 - 18:59
[b]SOCAR Milanda AVRO – 2016-nın kubokunu sərgiləyib[/b] - FOTO

SOCAR oktyabrın 2-də “Ekspo Milan-2015” sərgisindəki Azərbaycan pavilyonunda futbol üzrə Avropa Çempionatının kubokunu sərgiləyib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın kuboku səhər saat 10-dan axşam saat 11-ə qədər qonaqlara və futbol azarkeşlərinə təqdim edilib.

 

AVRO-2016 da daxil olmaqla Avropanın milli yığma komandaları arasında keçiriləcək bütün yarışlarının rəsmi sponsoru olan SOCAR UEFA tərəfindən dəstəklənən ədalətli oyun prinsipləri və qarşılıqlı hörmət dəyərləri ilə daha dayanıqlı dünya üçün atılan addımlar arasındakı vəhdəti vurğulayaraq Avropa Çempionatının əsas mükafatı olan kuboku EKSPO tədbirinə gətirməkdən qürur duyduğunu bəyan edib.

Gələn ilin yayında Fransada keçiriləcək Avropa Çempionatının qalibinə təqdim ediləcək kuboku görə bilmək bütün futbol azarkeşləri üçün nadir fürsət hesab olunur. Kubokun Milanda keçirilən EKSPO sərgisində təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq futbol oyununa cəlb etmək məqsədi daşıyır.

UEFA-nın ilk katibi Henri Delaunayın şərəfinə adlandırılmış Futbol üzrə Avropa çempionatının kuboku Arthus Bertrand tərəfindən 1960-cı ildə Parisdə dizayn edilmiş və əvvəlki 45 il ərzində qaliblərə təqdim edilmiş kuboku əvəzləyərək yeni mükafat kimi qalib komandalara təqdim olunacaq.

0