“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının “quru” seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 7 qarşılaşmada qapısını toxunulmaz saxlayan ukraynalı qolkiper Topaz Premyer Liqasının XI turunun “Kəpəz”lə matçında erkən qol buraxıb.
Matçın 2-ci dəqiqəsində ukraynalı Aleksandr Sitnikin zərbəsi qarşısında aciz qalan Dmitri həmyerlisinin fərqlənməsinədək sonuncu dəfə I turun “Qarabağ”la matçında qapısında qol görmüşdü. Həmin vaxt ukraynalını Riçard Almeyda 2 qolla məyus etmişdi. Ağdamlılarla matçın 83-cü dəqiqəsindəki qoldan sonra Bezotosnı qapısını toxunulmaz saxlamışdı. Komandasının “İnter”ə 1:2 hesabı ilə uduzduğu matçda meydana çıxmayan qolkiper digər 8 matçın 90 dəqiqəsini etibarlı oynamışdı.