“Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XI turunun “Kəpəz”lə oyunundakı 1:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu. Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.