[b]“Çox pərişan olmuşdum” – Aleksandr Sitnik[/b]
02.11.2015 - 19:39
[b]“Çox pərişan olmuşdum” – Aleksandr Sitnik[/b]

Topaz Premyer Liqasının XI turunda səfərdə “Qəbələ”ni məğlub edərək (2:1) sürprizə imza atan “Kəpəz”də ilk qolun müəllifi Aleksandr Sitnik həm də çempionatda qol hesabını açmış oldu. Ukraynalı hücumçu klub saytına müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

 

- “Kəpəz”dəki hədəflərin nədən ibarətdi?

- Hamı eyni məqsəd uğrunda birləşdiyindən bizim hədəfimiz eynidi. Qələbələr qazanıb, çempionatda uğurla iştirak etmək istəyirik. Biz buna çalışırıq. Əvvəllər oyunumuz da nəsə alınmırdı, indi isə hər şey yoluna düşüb. Hamı qələbə qazanmaq istəyir, rəhbərlik də, məşqçilər də, futbolçular da. Elə azarkeşlər də bizdən bunu gözləyir.

 

-  Yoldaşlıq görüşlərində və məşqlər zamanı ikitərəfli oyunlarda qol vursan da, çempionat matçlarında qol hesabını bir qədər gec aça bildin...

- Çox pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki, qol vura bilməməyim barədə düşünürdüm. Ancaq bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəm. Özünəinam hissi yaratmaq üçün hücumçunun qol vurması çox vacibdi. Sadəcə, alınmırdı. Fərqlənməyi isə çox istəyirdim.  

 

- Artıq qol hesabını açdın...

- Məşqlərdə hər zaman bunun üzərində işləyirdim. Əvvəlki oyunlarda komanda yoldaşlarımın qol vurması üçün şərait yaratmışdımsa, “Qəbələ”yə qarşı matçda özüm də nəhayət ki, fərqlənə bildim.

 

- Baş məşqçi Şahin Diniyev müsahibələrində sənə inandığını və uyğunlaşma üçün vaxt tələb olunduğunu bildirirdi...

- Baş məşqçimizə bu sözlərə və mənə olan inamına görə minnətdaram. Hücumçunun işi qol vurmaqdı, bunu mən də yaxşı başa düşürəm. İstənilən halda, Şahin müəllim və komanda yoldaşlarım həmişə mənə dəstək olublar və buna görə onlara təşəkkür edirəm. Yenə deyirəm, hücumçunun özünü oyunda hiss etməsi üçün qol vurması əsas şərtdi. İlk qolumu vurdum, yəqin ki artıq davamı gələcək.

 

- Gəncəli azarkeşlər hər oyunda komandaya dəstək verirlər. Onlar haqqında nə deyə bilərsən?

- Onlara da minnətdaram, bizi qələbələrə həvəsləndirirlər. Futbolu fanatlar üçün oynayırıq. Azarkeşlər stadionu dolduranda, oynamaq həvəsi birə-beş artır. Təbii ki, çalışırıq onları həmişə qələbələrlə sevindirək, arzu olunan nəticəni qazanaq.

 

- Hansı oyun sənin üçün daha yadda qalan olub?

- Oyunları pis və ya yaxşı oyuna bölmək istəmirəm. Hər matçın öz yeri var. Bütün oyunlarda meydana uğur qazanmaq, layiqli futbol nümayiş etdirmək  üçün çıxmışıq. Bəzən alınıb, bəzən də yox. Başa düşmək lazımdı ki, 2-3 aya komanda yaratmaq çətindi. Futbola vaxt vermək lazımdır, bunu yəqin ki, hamı yaxşı başa düşür. Biz hamımız “Kəpəz”in uğuru üçün səy göstəririk, ümid edirəm ki, etimadı doğrulda biləcəyik. 

0