“Çox çətin oyun oldu. Hesabda geridə qalsaq da, əzmkar qələbə qazana bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Antonio Salas Kuinta deyib.
Anyete kimi tanınan legioner Topaz Premyer Liqasının XI turunun “Sumqayıt”la oyunu (2:1) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Ruslan Qurbanovun penalti zərbəsindən vurduğu qola sevinirəm. Ümid edirəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi olacaq”.
“Ağ-qaralar”ın digər futbolçusu Kaue komandasının qol imkanlarından yararlana bilməməyindən təəssüfləndiyini açıqlayıb: “Birinci hissədə bir neçə imkanımız oldu, amma onlardan istifadə edə bilmədik. Bu qələbədən sonra artıq növbəti oyunu fikirləşib düzgün köklənməliyik”.
“Neftçi”nin bərabərlik qoluna imza atan Fəhmin Muradbəyli azarkeş amilini vurğulayıb: “Göstərdik ki, yaxşı komandayıq, birliyimizi nümayiş etdirdik. Xüsusi olaraq, azarkeşlərə minnətdarıq, onlar bu oyunu görmək üçün uzun yol gəliblər. Daha çox çalışıb, onları gələn matçlarda da sevindirmək istəyirik”.