"Olimpiya hərəkatı" layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyinin seçim yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən və "Coca-Cola" şirkəti tərəfindən maliyyələşən birinciliyin proqramına velosiped, basketbol (3x3), badminton və atletika idman növləri daxildi.
Proqrama əsasən, əvvəlcə məktəbdaxili yarışlar həyata keçirilməli, daha sonra rayonlar arasında ən güclülər müəyyənləşməlidi. Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan final mərhələsində isə Bakı şəhəri üzrə ən güclü komandaların adları məlum olacaq.
Məktəbdaxili seçim yarışları çərçivəsində artıq Binəqədi rayonu 126 saylı və Xətai rayonu 260 saylı məktəblərdə daxili yarışlar təşkil edilib. Noyabrın 12-13-də Nizami və Nəsimi rayonlarının müvafiq olaraq 251 və 54 saylı orta məktəblərində seçim prosesi aparılacaq. Noyabrın 16-dan etibarən isə rayon çempionatlarına start veriləcək.