[b]“Xəzər Lənkəran” – “Neftçi”: 2 qol və qırmızı vərəqə?[/b]
19.11.2015 - 12:29
[b]“Xəzər Lənkəran” – “Neftçi”: 2 qol və qırmızı vərəqə?[/b]

Topaz Premyer Liqasının XIII turunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyununu idarə edəcək Əliyar Ağayev mövsümdə 6-cı qarşılaşmasına çıxacaq. Apasport.az saytının məlumatına görə, o, çempionatın ilk 12 turunda 5 görüşün baş hakimi olub.

 

Bu matçlar məhsuldarlığı ilə seçilib.

 

Belə ki, hərəsində ən azı 2 topun vurulduğu qarşılaşmalarda ümumilikdə 18 qol qeydə alınıb. Bu oyunlarda orta məhsuldarlıq 3,6-ya bərabərdi. Ağayevin idarə etdiyi qarşılaşmalardan ikisində meydan sahibləri, ikisində qonaqlar qalib gəlibsə, bir matç heç-heçə nəticələnib. Vurulan qollardan 7-si birinci, 11-i ikinci hissədə vurulub.

 

FİFA hakimi idarə etdiyi oyunlarda meydan sahiblərinə 1, qonaqlara 2 qırmızı vərəqə göstərib. Ümumilikdə, 25 dəfə əlini cibinə atan referi 11 dəfə ev, 14 dəfə səfərdə oynayan komandanı cəzalandırıb. Onun təyin etdiyi yeganə penalti qərarı isə qonaqların lehinə olub.

 

Ağayev cari mövsümdə ilk dəfə “Xəzər Lənkəran”ın qarşılaşmasına təyinat alıb.

 

“Neftçi”nin matçlarını iki dəfə idarə edən referi IV turun “Rəvan”, VII turun “Zirə” ilə görüşlərində fit çalıb. “Ağ-qaralar”ın hər iki səfər oyununda 2 top fərqi qeydə alınıb. Autsayderi 3:1 hesabı ilə yenən “Neftçi” debütantdan iki cavabsız qol buraxıb. Bu matçların ikisində də “Neftçi” azlıqda qalıb. Ağayev 1-ci oyunda Aylton Silvanı, “Zirə”ylə matçda Fəhmin Muradbəylini meydandan qovub.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu noyabrın 22-də keçiriləcək.

0